Polşalı səyyah Kəlbəcərdə infrastrukturun və tarixi abidələrin bərpasını yüksək qiymətləndirib
- 09 oktyabr, 2026
- 14:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Kəlbəcər rayonunda infrastrukturun və tarixi binaların bərpası, xüsusilə də regionun mürəkkəb dağlıq şəraiti nəzərə alınmaqla, böyük səylər tələb edən miqyaslı prosesdir.
"Report"un Qarabağa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu beynəlxalq səyyahlar qrupunun tərkibində regionda səfərdə olan polşalı səyyah Erek Klopotovski deyib.
Səyyahın sözlərinə görə, o, bir neçə il əvvəl Azərbaycanda olub, lakin Qarabağda və Şərqi Zəngəzura ilk səfəridir.
Klopotovski regionun bərpasına və sakinlərin öz evlərinə qayıtması üçün şəraitin yaradılmasına yönəlmiş səyləri yüksək qiymətləndirib.
"Bu regionun inkişafı, infrastrukturun və insanların öz evlərinə qayıtması üçün şəraitin yaradılması məqsədilə nə qədər səy göstərildiyini görmək heyrətamizdir. Burada infrastruktur artıq yaradılıb və sakinləri qəbul etməyə hazırdır", - o qeyd edib.
Köhnə binaların və tarixi obyektlərin bərpasından danışan Klopotovski vurğulayıb ki, bu proses yeni tikililərin inşası ilə müqayisədə daha çox vaxt və səy tələb edə bilər.
O, həmçinin aparılan bərpa işlərinin nəticələrini görmək üçün 5-10 ildən sonra regiona yenidən səfər etmək arzusunda olduğunu bildirib.