Duq Keysi: Ermənistanın Azərbaycan mina xəritələrini verməməsi müəyyən çətinliklər yaradır
- 23 oktyabr, 2025
- 15:25

Ermənistanın Azərbaycana mina xəritələrinin verilməsini uzatması işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsini çətinləşdirir.
Bu barədə "Report"a müsahibəsində amerikalı səyyah Duq Keysi bildirib.
Onun sözlərinə görə, bu müəyyən çətinliklər yaradır, çünki zamanla ərazidə minaların mövqeləri dəyişə bilər.
"Təbii proseslər, yağıntılar, eroziya, torpaq çökməsi minaların dəqiq mövqelərini dəyişdirə bilər. Beləliklə, hər il keçdikcə bu xəritələrin dəyəri və aktuallığı azalır", - D.Keys qeyd edib.
O, həmçinin vurğulayıb ki, Qarabağ boyunca səfəri zamanı onu xüsusilə Xankəndidəki universitet təsirləndirib: "Buradakı tələbələr çox həvəslidirlər".
Səyyah bildirib ki, 150 ölkəni gəzib: "Səyahətlərim sona çatmaq üzrədir, buna görə də bu, ziyarət etdiyim son yerlərdən biri olacaq".