Diplomatik korpusun təmsilçiləri Qarabağda xarabalığa çevrilmiş şəhər və kəndləri öz gözləri ilə görüb - RƏY
- 17 sentyabr, 2026
- 13:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan artıq 6 ildir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad etdiyi, beynəlxalq hüququn norma və prinsipləri əsasında tanınan ərazisində yaradır, bərpa edir, gələcəyi formalaşdırır, sakinlərimiz "Böyük Qayıdış" proqramı çərçivəsində öz doğma yurdlarına qayıdırlar.
Bunu "Report"a Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin azad olunmuş ərazilərinə Ermənistanda verilən reaksiyanı şərh edərkən deyib.
Deputat qeyd edib ki, Qarabağ torpaqlarında aparılan iri miqyaslı işlər dövlətimiz tərəfindən mütəmadi şəkildə dünya ictimaiyyətinə təqdim olunur:
"Azərbaycanın ev sahibliyi etdiyi müxtəlif beynəlxalq səviyyəli tədbirlər zamanı, xarici ölkələrin dövlət rəsmiləri, media təmsilçiləri, digər qonaqlar Qarabağı ziyarət edirlər. Mən özüm də II Qarabağ müharibəsindən sonra beynəlxalq təşkilatın rəhbəri kimi, ölkəmizdə akkreditə olunmuş səfir və diplomatik korpusun təmsilçiləri ilə birlikdə Qarabağda dəfələrlə olmuşam və 30 illik işğalın ağır nəticələrini, xarabalığa çevrilmiş şəhər və kəndlərimizi, tarixi-mədəni irsimizə vurulmuş ziyanı gözlərimizlə görmüşük".
"Bu gün Qarabağa və Şərqi Zəngəzura yenidən səfər edən heyət Azərbaycanın öz keçmişinə, çoxəsrlik irsinə yanaşmasının, dağıdılmış ərazilərimizin abadlaşdırılmasının, abidələrimizin bərpasının, yeni infrastrukturun inşasının şahidi olurlar".
Deputat bəyan edib ki, Ermənistanda sülh istəməyən qüvvələr səfərə qarşı artıq köhnəlmiş iddialarla çıxış edirlər.
"Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın tam suveren ərazisidir. Bu baxımdan, ölkəmizdə xarici diplomatik nümayəndələrin hərəkətini Ermənistanın daxili siyasi gündəliyinin bir hissəsinə çevirməsi cəhdləri qəbuledilməzdir", - o deyib.
G. Əfəndiyeva vurğulayıb ki, tarixi Gəncəsər və Xudavəng monastrlarındakı ermənilərin "qədim kitabları" kimi saxtalaşdırmaq olmaz:
"Tarix yalan deyil və onu təsdiq edən çoxsaylı sübutlar, faktlar var. Nəinki Azərbaycanın, elə ermənilərin öz mənbələrində kifayət qədər sübutlar var. Gəncəsər və Xudavəng abidələri Azərbaycanın ərazisində əsrlərlə mövcud olmuş Qafqaz Albaniyasının tarixi-mədəni irsidir. Dediyim kimi, Ermənistanın ziddiyyətli yanaşmaları və addımları bölgədə formalaşan sülh mühitinə də mənfi təsir göstərir. Regionun gələcəyi əsassız ittihamlarla deyil, beynəlxalq hüquqla, suverenliyə, ərazi bütövlüyünə hörmət prinsipləri ilə qurulmalıdır".