Aleksandr Aqranovski: “Xocalı qurbanlarının xatirəsi ənənəvi olaraq Qüdsdəki Prezident meşəsində yad edilir”

Qarabağ
  • 24 fevral, 2022
  • 11:56
Aleksandr Aqranovski: “Xocalı qurbanlarının xatirəsi ənənəvi olaraq Qüdsdəki Prezident meşəsində yad edilir”

Bu yaxınlarda Azərbaycanın “Diasporun fəaliyyətindəki xidmətlərinə görə” medalı ilə təltif edilmiş “Azİs” (Azərbaycan-İsrail) beynəlxalq assosiasiyasının Qüds bölməsinin rəhbəri Aleksandr Aqranovski özünü bakılı hesab edir. Bu da təbiidir, çünki özünün dediyi kimi, İsrailə köçənə qədər bütün şüurlu həyatı Azərbaycanda keçib. AZON zavodunda işləyib, laboratoriya müdiri olub. Yəhudi olduğuna görə Azərbaycanda heç bir məhdudiyyət hiss etməyib, ona münasibət əla, hörmətə əsaslanan olub. Buna görə də Aleksandr sevimli şəhəri və çoxillik dostluq münasibətində olduğu bakılılarla daim əlaqə saxlayır. “Report”a müsahibəsində Aleksandr Aqranovski xalqlarımızı birləşdirən faciəli tarixlərdən, “Azİs” cəmiyyətinin, o cümlədən də onun bölmələrinin baş verənlərin xatirəsini yad etmək üçün nələr etdiyindən və necə etdiyindən, belə hadisələrin bir daha təkrarlanmaması üçün nələr etmək lazım gəldiyindən danışıb.

- 27 yanvar - Beynəlxalq Holokostu Anma Günüdür. Bu il o, Azərbaycan xalqı üçün xüsusilə əlamətdar olan tarixlər sırasına daxil edilib. Fevral ayında Azərbaycanda 30 il əvvəl erməni qəsbkarları tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir. Ölkələrimizi mehriban tərəfdaşlıq münasibətləri bağlayır ki, bunun arxasında tarix, müasirlik və gələcək dayanır. Onların yəhudi və Azərbaycan xalqları üçün nə demək olduğu barədə nə deyə bilərsiniz?

- 2014-cü ildən Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) Qüds bölməsinin rəhbəriyəm. Biz mütəmadi olaraq “Görkəmli bakılıların həyatı” adlanan çoxlu maraqlı tədbirlər və görüşlər keçiririk. İsraildə bakılılar çox olduğuna görə bu mövzu bitib-tükənməzdir. Təəssüf ki, koronavirus fəaliyyətimizi bir qədər azaldıb, lakin biz də onlayn rejimdə işləyirik və ümid edirik ki, tezliklə bu tədbirləri, belə demək mümkünsə, canlı keçirə biləcəyik.

Yanvar və fevral ayları yəhudi və Azərbaycan xalqlarının taleyində bir neçə faciəli tarixlə bağlıdır. 27 yanvar, bildiyiniz kimi, Ümumdünya Holokostu Anma Günüdür. Xüsusi vurğulamaq istəyirəm ki, 2022-ci ildə bu tarix iki müsəlman ölkəsində qeyd olunur: Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda və Misir rəhbərliyinin qərarı ilə bu ölkədə.

Bu tarix mənim üçün şəxsi hadisələrlə də bağlıdır. Yanvarın 18-də Bryansk vilayətində yəhudilərin Novozıbkov şəhəri yaxınlığındakı Bryansk meşəsində edam edilməsinin 80 illiyi qeyd edilib. O qurbanlar arasında babam da var idi, qonşular tərəfindən xəyanətə məruz qalan və nasistlərə təhvil verilən nənəmi isə almanlar qaz kamerasında yandırıblar.

İsraildə həmişə qeyd etdiyimiz digər tarix Qara Yanvardır - 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakı şəhərinə daxil olaraq elə sovet xalqını - əksəriyyəti azərbaycanlı olmaqla yüzdən çox dinc sakini qətlə yetirdiyi tarixdir. Onların hər birinin ruhu qarşısında baş əyirik. Həmin gün ölənlər arasında üç yəhudi də var idi - həkim Aleksandr Marxevka, yeniyetmə Vera Bessantina və təqaüdçü Yan Meyeroviç.

Azərbaycan xalqının tarixində daha bir faciəli tarix - heç vaxt unutmayacağımız 26 fevral yaxınlaşır. Bu, Xankəndidən 10 km aralıda yerləşən kiçik Xocalı şəhərinin 613 dinc sakininin erməni qəsbkarları tərəfindən məhv edilməsidir. İsraildə həmin gündə həmişə hər ölən uşağın, hər qadının, hər bir qocanın xatirəsinə əkilmiş 613 ağacın olduğu Prezident meşəsinə gedirik. Həmin gün Azərbaycandan gələn qonaqlar, İsrail hökumətinin nümayəndələri, Knessetin deputatları və sadəcə Qüdsün və İsrailin digər şəhərlərinin sakinləri - bizə dost olan azərbaycanlının ağrısını hamıdan yaxşı başa düşən insanlar “Xocalı-613” stelasının qarşısında toplaşırlar.

- Holokost kimi fəlakətdən sonra dünyanın əvvəlki kimi olmayacağı, ən azı etnik təmizləmənin bəşər tarixindən həmişəlik silinəcəyi güman edilirdi. Lakin Xocalıda və bir sıra başqa ölkələrdə baş verənlər bu gümanları təkzib etdi. Sizcə, bu etinasızlığın səbəbi nədir?

- Təəssüf ki, insanların kütləvi şəkildə məhv edilməsi halları İkinci Dünya Müharibəsindən sonra da baş verib. 1969-cu ildə ABŞ ordusu Sonqmidə (Vyetnam) 210-u uşaq olmaqla, 500-dən çox insanı öldürməklə dəhşətli əməl törədib. Ümumiyyətlə, uşaq qətli heç bir şeylə əsaslandırıla bilməyən dəhşətli cinayətdir. Həmin hadisələlərə görə bir hərbçi cəzalandırıldı, o da üç illik həbsdən sonra azad edildi.

1994-cü ilin aprelində Afrikadakı Ruanda Respublikasında hutu tayfası müxtəlif mənbələrə görə tutsi qəbiləsindən 1 milyona yaxın insanı məhv edib.

1995-ci ildə Srebrenitsada İkinci Dünya Müharibəsinin bitməsindən sonra Avropada ən dəhşətli kütləvi qətliam törədilib. 8 min bosniyalı müsəlman güllələnib. Hələ taleyi naməlum qalan itkin düşmüş şəxslər də olub.

Xocalıda törədilən etnik təmizləmə, vəhşiliklər, qurbanlara qarşı zorakılıq - insanlığa qarşı cinayətlər hələ də dirilərin ruhunu sarsıdır. 613 dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca - hamısı da Xocalı sakinləri – qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq tam yetim qalıb, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər, o cümlədən 76 uşaq yaralanıb, 1 275 nəfər əsir götürülüb. 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də məlum deyil.

Belə halların bir daha baş verməməsi üçün nə etmək olar? Təəssüf ki, bunun resepti yoxdur. Bunu mədəniyyətin səviyyəsi müəyyən etmir, sadəcə bəziləri bir yerdə yaşamağı bacarmır, bunu öyrətmək isə çətindir, hətta mümkün deyil. Bu faciəli hadisələr haqqında danışmaq lazımdır. Biz “Azİs” olaraq bunu müntəzəm olaraq edirik və düşünürəm ki, bizdə alınır. Bu cür faciələrə həsr olunmuş tədbirlərimizə təkcə azərbaycanlıları dəvət etmirik, onlar onsuz da baş verənləri yaxşı bilirlər. Bu barədə heç nə bilməyən və ya ordan-burdan nə isə eşidənləri tədbirlərimizə çağırırıq. Dünya belə şeyləri bilməlidir və yalnız bundan sonra insanların mübahisələri və ziddiyyətləri sivil yolla həll etməyi öyrənəcəyinə ümid yaranacaq.

- Dünya ictimaiyyətinin belə hadisələrə reaksiyası necə olmalıdır ki, heç bir ölkədə soyqırımı və etnik təmizləmə təkrarlanmasın?

- Soyqırımı nədir? Bu, müəyyən əhali qruplarının və ya bütün xalqların siyasi, milli, irqi, etnik və dini səbəblərə görə məhv edilməsidir. Bununla bağlı tənzimləmə BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci ildə 141 dövlətin imzaladığı Konvensiya ilə müəyyən edilib. Lakin təcrübədən göründüyü kimi, təəssüf ki, bu Konvensiyaya əməl olunmur. İş o yerə çatıb ki, bəzi ölkələrdə yerli əhalinin yəhudi qırğınlarında iştirak etmədiyi, onları almanlara təhvil vermədikləri və s. fikirləri səslənməyə başlayıb. İşi davam etdirmək lazımdır. Xüsusilə də gənclərlə. Yulius Fuçikin “Camaat, ayıq olun!” sözlərini xatırlamalıyıq.

- Lakin Ermənistanda gənclərlə “özünəməxsus formada” işləyirlər. Sabiq prezident Sarqsyan britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində deyib: “Xocalıya qədər azərbaycanlılar bizimlə zarafat edə biləcəklərini düşünürdülər. Onlar düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyəcəklər. Biz bu stereotipi qırmalı idik və belə də oldu”.

- Hər bir halda iş görülməlidir, xüsusən də indiki dönəmdə. Buna xüsusilə iqtisadiyyatın inkişafı və normal mehriban qonşuluq münasibətlərinin qurulması kömək edə bilər. Türkiyədə tez-tez olurdum, bir dəfə İsraildən olan azərbaycanlı qrup ilə Türkiyənin şimalında Ermənistan nömrəli maşınla qarşılaşdıq. Təəccübləndik və burada nə etdiklərini soruşduq. Bizə çox sakit cavab verdilər: “Biz bizneslə məşğuluq, soyqırımı və digər bu kimi hallarla maraqlanmırıq. Biz ticarət edirik, işimizi aparırıq və Türkiyə ilə normal münasibətlərə ehtiyacımız var”. Bu gün Ermənistanın rəhbərləri Türkiyəyə getməyə, bu ölkə ilə sülh yaratmağa hazırlaşırsa, bu o deməkdir ki, sırada Azərbaycanla sülh gəlir. Bu, sadəcə əladır! Demək, Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında birbaşa əlaqə mümkün olacaq. Zəngəzur dəhlizi də çox önəmlidir. Həqiqətən ümid edirəm ki, Bakıdan İstanbula, bəlkə də Qüdsə adi qatarla getmək imkanı yaranacaq.

Eleonora Abasquliyeva

44 - Tezliklə