ABŞ-da yaşayan şuşalı: "Ermənilər evimizi dağıdıblar, sadəcə divarı qalıb"

Qarabağ
  • 17 noyabr, 2020
  • 10:59
ABŞ-da yaşayan şuşalı: Ermənilər evimizi dağıdıblar, sadəcə divarı qalıb
Rəvanə Əhmədova

“Şuşa uşaqlıq xatirələrim, xəyallarım, arzularım və ən böyük həsrətim idi. Bir gün Şuşaya dönmək üçün bilet axtaracağım ağlıma belə gəlməzdi. Hazırda 4 yaşımda çıxdığım Vətən torpağını öpmək üçün səbirsizlənirəm”.

Bu fikirləri "Report"un xüsusi müxbirinə açıqlamasında ABŞ-ın məşhur tibb ocaqlarından biri olan “The Mount Sinai Hospital”ın qəbul şöbəsində işləyən şuşalı məcburi köçkün Rəvanə Əhmədova bildirib.

Onun sözlərinə görə, Vətən həsrəti sərhəd tanımır: “Mən 1987-ci ildə Şuşada doğulmuşam. Anam müəllimə, atam iqtisadçı idi. Atam Bakıda işləyirdi, anamla mən Şuşada qalırdıq. Atam tez-tez yanımıza gəlirdi. Şuşadan çıxanda dörd yaşım olsa da, yaddaşımda çox xatirələr həkk olunub. Böyük həyət evimiz, itimiz və pianinomuz vardı. Anam məni musiqi məktəbinə qoymaq istəyirdi, ancaq qismət olmadı. Həyətimizdə çox böyük bir tut ağacımız vardı, dayım hər səhər ordan tut yığırdı. Cıdır düzü də evimizə yaxın idi. Uşaqlarla tez-tez ora gedir və ərazidəki sürüşkəndə sürüşürdük".

R.Əhmədova deyib ki, 1992-ci il aprelin sonunda Şuşanı tərk edərək Bakıya gəliblər: "Bütün ömrüm Şuşa həsrətilə keçdi. Bəlkə də orda yaşasaydım, həyatım fərqli olardı. Şuşada hər kəs musiqi, sənətlə məşğul olurdu. Ailəmizdə də hər kəs demək olar musiqi ilə məşğul olurdu. Dayım gitarada ifa edirdi, anam rəqqas idi. Şuşasızlıq bir çox arzularımı ürəyimdə qoydu. Ən böyük arzum pianinoda ifa etmək idi. Bakıda ömrümüz köçkünlük həyatı, evsiz-eşiksiz keçdi. Ailəm həkim olmağımı istəyirdi, ancaq ədalətin bərqərar edilməsi üçün hüquqşünas olmağa qərar verdim. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdim, bir müddət Sabunçu Rayon Məhkəməsində işlədim. Daha sonra ABŞ-a köçdüm, həyat yoldaşımla birlikdə iki il çətinlik çəkdik. Bu müddətdə Long Island Universitetinin Səhiyyənin idarəedilməsi fakültəsindən məzun oldum. Hazırda Nyu-Yorkun ən böyük xəstəxanalar şəbəkəsində işləyirəm. İki övladım var və onların təhsili, gündəlik qayğılar səbəbindən 5 ildir Azərbaycana gedə bilmirəm".

O, Şuşanın işğaldan azad olunması xəbərini aldığı zaman keçirdiyi hissləri də bölüşüb: “ABŞ-da gecə saat üç idi və sosial şəbəkələrdə Prezident İlham Əliyevin çıxışının olacağı bildirilirdi. Azərbaycan Prezidenti Şəhidlər xiyabanına getdi, çiçək qoydu və sonra “Şuşa sən azadsan!” dedi. Həmin an göz yaşlarımı saxlaya bilmədim, yüksək səslə qışqırmaq istədim. Ancaq hər kəs yatırdı. Bu, mənim üçün böyük xoşbəxtlik idi. İndi Azərbaycanda olmaq, həmin səngərdə olan əsgəri qucaqlayıb Şuşamın qoxusunu almaq istəyirəm. Şuşadan əsgərlərimizin çəkdiyi görüntüləri izləyib ağladım. Ermənilər evimizi dağıdıblar, sadəcə divarı qalıb. İndi ən böyük arzum Şuşadakı evimizi yenidən inşa etməkdir. İnallah ən qısa zamanda Şuşaya gedib bu arzumu reallaşdıracağam. Xarı bülbülü görmək, onun ətrini almaq mənə dünyaları verəcək. Azərbaycan əsgəri məğrudur, əzilməzdir. Dövlət başçısının əzmi və iradəsi olmasaydı, bu qələbəni qazana bilməzdik. Artıq ABŞ-da hər kəs Azərbaycan haqqında məlumatlıdır. Biz dünyaya gücümüzü qələbəylə sübut etdik. Yaşasın Azərbaycan!”

Vüsalə Abbasova