Stella Renita: "EIB Azərbaycanda strateji layihələrin yeni portfelini formalaşdırır" - müsahibə
- 05 oktyabr, 2026
- 12:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın dərinləşməsi milli iqtisadiyyatın strateji cəhətdən mühüm sahələrinə uzunmüddətli investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradır. Kompleks islahatların həyata keçirilməsi və dayanıqlı inkişaf kursu fonunda Avropanın ən böyük maliyyə institutları, o cümlədən Avropa İnvestisiya Bankı (EIB) ilə əməkdaşlığın rolu artır.
Bank özünün ixtisaslaşmış "EIB Global" bölməsi vasitəsilə Avropa İttifaqının hüdudlarından kənarda dövlət və özəl layihələrə dəstək göstərir, strateji hədəflərin və ekoloji transformasiyanın həyata keçirilməsinə töhfə verir. EIB-nin Azərbaycandakı fəaliyyətinin prioritet istiqamətləri bərpa olunan enerji, enerji səmərəliliyinin artırılması, ekoloji cəhətdən təmiz nəqliyyat, regional əlaqələrin gücləndirilməsi, su və ətraf mühit infrastrukturunun inkişafı, rəqəmsal transformasiya, eləcə də kiçik və orta biznesin maliyyə resurslarına daha geniş çıxışının təmin edilməsi sahəsində təşəbbüslərdir.
"Report"a müsahibəsində EIB Qrupunun Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Stella Renita Avropa İttifaqının İqtisadi və İnvestisiya Planının Azərbaycanda icrasının gedişatı, qarşıdakı dövrdə hansı prioritet layihələrin dəstəklənməsinin nəzərdə tutulduğu, eləcə də nəqliyyat infrastrukturunun, bərpa olunan enerji mənbələri sektorunun və Bakı Metropoliteninin yenilənməsinin maliyyələşdirilməsi imkanları barədə danışıb.
Həmin müsahibəni oxucularımıza təqdim edirik:
- Avropa İnvestisiya Bankı Aİ-nin Azərbaycanda İqtisadi və İnvestisiya Planının həyata keçirilməsində əldə olunan irəliləyişi necə qiymətləndirir? Yaxın iki-üç il ərzində hansı istiqamətlər və layihələr prioritet olacaq?
- EIB maliyyə resursları və ekspert-məsləhət dəstəyi təqdim etməklə Avropa İttifaqının Azərbaycanda İqtisadi və İnvestisiya Planının həyata keçirilməsini dəstəkləməyə hazırdır. Yaxın iki-üç il ərzində biz bərpa olunan enerji və enerji səmərəliliyinin artırılması, şəhər və regional nəqliyyatın dayanıqlı inkişafı, strateji əlaqələrin gücləndirilməsi, su və ekoloji infrastrukturun modernləşdirilməsi, rəqəmsal transformasiya, həmçinin kiçik və orta biznesin maliyyə alətlərinə çıxışının genişləndirilməsi kimi sahələrdə əhəmiyyətli potensial görürük.
Hərtərəfli işlənmiş və iqtisadi cəhətdən səmərəli layihələrin müəyyən edilməsi məqsədilə Avropa İttifaqının nümayəndəliyi və digər tərəfdaş strukturlarla sıx əməkdaşlıq etmək niyyətindəyik. Aİ-nin "Sülh naminə bağlantı" paketi təxminən 200 milyon avro məbləğində əvəzsiz qrant maliyyəsinin təqdim edilməsini nəzərdə tutur və 2 milyard avroya qədər dövlət və özəl investisiya cəlb etmək potensialına malikdir. Bu, bütün Cənubi Qafqaz məkanında nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafına yönəlib.
Zərurət yarandıqda, Avropa İttifaqının qrant vəsaitləri və texniki yardımı EIB-nin kredit xətlərini tamamlamağa və layihələrin investisiya hazırlığı mərhələsinə çıxmasına kömək etməyə qadirdir. Hazırda EIB konkret investisiya imkanlarını öyrənmək məqsədilə Azərbaycana tanışlıq missiyası göndərməyə hazırlaşır.
- EIB-nin Azərbaycana investisiyalarının cari məbləği nə qədərdir və bank növbəti illərdə hansı yeni layihələri təsdiqləmək niyyətindədir? Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin dərinləşməsini nəzərə alaraq, EIB-nin ölkədəki fəaliyyətinin genişlənməsi mümkündürmü?
- Avropa İnvestisiya Bankı 2013-cü ildən başlayaraq, Azərbaycandakı tərəfdaşlarla iş aparır və respublika öz investisiya prioritetlərini müəyyən etdikcə, biz bu tərəfdaşlığın möhkəmlənməsi üçün perspektivlər görürük.
Azərbaycan hökuməti, Aİ nümayəndəliyi və digər tərəfdaşlarla birgə həyata keçiriləcək dövlət və özəl investisiya layihələri portfelinin formalaşdırılması və hazırlanması üzrə iş növbəti mərhələ olacaq. Nəzərdə tutulan tanışlıq missiyası bu prosesə kömək etmək məqsədi daşıyır. Hazırkı mərhələdə layihələr hazırlanaraq təhlil edilənə və təsdiqlənənə qədər konkret əməliyyatlar, maliyyələşdirmə həcmləri və ya təsdiqlənmə müddətləri barədə danışmaq tezdir.
Qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi üçün potensial mövcuddur, lakin onun həcmləri təqdim olunan təkliflərin keyfiyyəti və hazırlıq səviyyəsi, eləcə də onların EIB-nin mandatı və standartlarına uyğunluğu ilə müəyyən ediləcək.
- Bazar tələbinə yönəlmiş bir institut olaraq, EIB hazırda Azərbaycan hökumətinin hansı yeni təşəbbüslərini və ya təkliflərini müzakirə edir və yaxud qiymətləndirir?
- EIB dövlət hakimiyyəti orqanları, dövlət müəssisələri, maliyyə vasitəçiləri və özəl sektoru təmsil edən təşəbbüskarlar tərəfindən irəli sürülən əsaslandırılmış təklifləri dəyərləndirir. Planlaşdırılan tanışlıq missiyası bizə prioritet sektorlarda potensial investisiyaları müzakirə etməyə və EIB tərəfindən maliyyələşdirməyə, Aİ qrantlarına və ya Avropa İttifaqının maliyyələşdirdiyi texniki yardıma iddia edə biləcək layihələri müəyyənləşdirməyə imkan verəcək.
İndiki mərhələdə biz müzakirə olunan layihələrin siyahısını açıqlaya bilmərik. Ayrı-ayrı layihələr, bir qayda olaraq, yalnız kifayət qədər hazırlıq dərəcəsinə çatdıqda və EIB-də rəsmi ekspertiza və təsdiqləmə mərhələsinə keçdikdə ictimaiyyətə açıqlanır.
- EIB Bakıda COP29 keçirildikdən sonra Azərbaycanda bərpa olunan enerji mənbələrinin, o cümlədən günəş və külək enerjisi istehsalı layihələrinin, eləcə də Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan sualtı elektrik kabeli kimi "yaşıl dəhlizlərin" maliyyələşdirilməsi həcmini artırmaq niyyətindədirmi? Bank enerji səmərəliliyi və digər aşağı karbonlu infrastruktur sahəsində dəstəyi genişləndirməyi planlaşdırırmı?
- İqlim dəyişikliklərinə qarşı mübarizə və ekoloji dayanıqlığın təmin edilməsi EIB mandatının əsasını təşkil edir. Azərbaycan ərazisində bank günəş və külək enerjisi istehsalı, enerji səmərəliliyinin artırılması, elektrik şəbəkələrinin inkişafı, enerji saxlanc sistemlərinin yaradılması, ekoloji cəhətdən dayanıqlı nəqliyyat və digər aşağı karbonlu infrastruktur sahələrində layihələri təhlil edə bilər. Bu halda onlar texniki və maliyyə cəhətdən əsaslandırılmalı, Paris sazişinə və Avropa İttifaqının siyasi prioritetlərinə uyğun olmalıdır.
Biz həmçinin regional "yaşıl" bağlantı layihələrini, o cümlədən Qara dəniz yaşıl enerji dəhlizi ilə bağlı təşəbbüsləri onlar dəqiq təşkilati struktur qazandıqdan, keyfiyyətli texniki-iqtisadi əsaslandırmadan keçdikdən və müsbət ekoloji və sosial rəylər aldıqdan sonra qiymətləndirməyə hazırıq. Avropa İttifaqı tərəfindən qrant maliyyələşdirilməsi və texniki yardım bu cür layihələrin hazırlanmasına dəstək göstərə və Avropa İnvestisiya Bankının investisiyalarını tamamlaya bilər. Vəsaitlərin ayrılmasına dair hər bir qərar bank tərəfindən aparılan hərtərəfli yoxlamanın nəticələrinə əsasən fərdi qaydada qəbul ediləcək.
- Dəmiryol əlaqəsinin təhlükəsizliyinin və istismar etibarlılığının yaxşılaşdırılmasına yönəlmiş texniki yardım proqramı başa çatdıqdan sonra EIB Azərbaycanın nəqliyyat infrastrukturunun gələcək inkişafına kömək etmək üçün hansı addımları atmağı planlaşdırır?
- Avropa İnvestisiya Bankı Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən və Bakı-Böyük Kəsik dəmiryol marşrutunun təhlükəsizliyinin gücləndirilməsi və etibarlılığının artırılmasına yönəlmiş on aylıq konsultasiya layihəsini başa çatdırıb. Uzunluğu 503 kilometr olan bu hissə ölkənin paytaxtını və Bakı limanını Gürcüstanın dəmiryol sistemi ilə birləşdirərək Qara dəniz sahillərinə gələcək çıxışı təmin edir. Marşrut magistral Trans-Avropa Nəqliyyat Şəbəkəsinin bir hissəsidir və Orta Dəhliz üzrə yükdaşımalarda mühüm rol oynayır.
Layihə çərçivəsində əsas diqqət fəaliyyət göstərən dəmiryol keçidlərində təhlükəsizliyin təmin edilməsinə, habelə gediş müddətinin qısaldılması, xərclərin azaldılması və istixana qazı tullantılarının minimuma endirilməsi ilə eyni vaxtda istismar şərtlərinin yaxşılaşdırılması üzrə tövsiyələrin hazırlanmasına yönəldilib. Müvafiq təşəbbüslər yarandıqca, biz dəmiryol əlaqəsini, şəhər nəqliyyatını və əlaqəli infrastrukturu əhatə edən dayanıqlı nəqliyyat və strateji bağlantı sahəsində əlavə dəstək perspektivlərini öyrənməyə məmnun olarıq. Nəzərdə tutulan missiya aktual ehtiyacları müzakirə etməyə və həm texniki yardım, həm də maliyyə dəstəyi ala biləcək layihələri müəyyənləşdirməyə imkan verəcək.
- Əvvəllər bildirilmişdi ki, EIB 2,5-3 milyard avro dəyərində qiymətləndirilən Bakı Metropoliteninin modernləşdirilməsi proqramının təxminən 50 %-i səviyyəsində maliyyələşdirmənin təqdim edilməsi imkanını öyrənir. Bank tərəfindən ilkin qiymətləndirmə hazırda hansı mərhələdədir?
- Hazırda Bakı Metropoliteninin modernləşdirilməsi və genişləndirilməsi proqramı hazırlıq və layihə ekspertizası mərhələsindən keçir. EIB bu proqramın hazırlanması, eləcə də planlaşdırılan genişləndirmə və modernləşdirmənin beynəlxalq ekoloji və sosial normalara uyğunluğunun təmin edilməsi üçün texniki yardımın göstərilməsinə vəsait yönəldib.
EIB tərəfindən maliyyələşdirmə ilə bağlı hər hansı bir konkret məbləğ və ya faiz payları təsdiqlənməyib. Potensial əməliyyatın nəzərdən keçirilməsi yalnız ekspertiza başa çatdıqdan və bütün lazımi razılaşdırmalar əldə edildikdən sonra mümkündür.
- İrimiqyaslı alt layihələrin həyata keçirilməsi, o cümlədən, "bənövşəyi" və "yaşıl" xətlərin uzadılması, habelə hərəkət heyətinin dəyişdirilməsi üçün təklif olunan çərçivə kreditinin necə strukturlaşdırılması planlaşdırılır? Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında layihələrin idarə edilməsi üzrə ixtisaslaşmış qrupun nə vaxt yaradılması nəzərdə tutulur?
- Çərçivə krediti prinsipcə, xətlərin uzadılması və hərəkət heyətinin dəyişdirilməsi daxil olmaqla mərhələli investisiya proqramının müvafiq komponentlərinə dəstəyi təmin edə bilər. Onun həcmi, təqdim edilmə şərtləri və vəsaitlərin konkret komponentlər arasında bölüşdürülməsi EIB tərəfindən ekspertiza və təsdiqləmə prosesində müəyyən ediləcək.
İnstitusional mexanizmlər, o cümlədən təşkilati struktur və layihələrin idarə edilməsi üzrə ixtisaslaşmış qrupun formalaşdırılması müddəti hələ də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə müzakirə mərhələsindədir. Hazırkı mərhələdə onun yaradılmasının dəqiq tarixi açıqlana bilməz. Layihənin qiymətləndirilməsi və institusional mexanizmlərin razılaşdırılması üzrə iş irəlilədikcə əlavə məlumat təqdim ediləcək.