Energetika naziri: "Moldova "Xəzər-Qara dəniz-Avropa" enerji dəhlizi layihəsində iştiraka açıqdır" - MÜSAHİBƏ

Müsahibə
  • 20 fevral, 2026
  • 15:30
Energetika naziri: Moldova Xəzər-Qara dəniz-Avropa enerji dəhlizi layihəsində iştiraka açıqdır - MÜSAHİBƏ

Bu gün Şərqi Avropada enerji gündəliyi bir neçə amilin təsiri altında formalaşır – tədarükün şaxələndirilməsi zərurəti, Avropa bazarlarına inteqrasiya və "yaşıl enerji"yə sürətli keçid. Moldova Respublikası üçün bu vəzifələr xüsusilə regional qaz və elektrik enerjisi təchizatı arxitekturasının transformasiyası şəraitində strateji əhəmiyyət kəsb edir.

Moldovanın energetika naziri Dorin Junqietu "Report"a müsahibəsində Kişineunun Cənub Qaz Dəhlizi Məşvərət Şurasındakı mövqeyi, "Black Sea Energy - Green Energy Corridor" təşəbbüsünə qoşulma perspektivləri, SOCAR ilə əməkdaşlıq imkanları və "Energocom" dövlət treyderinin rolu barədə danışıb.

Bununla yanaşı, nazir Moldovanın uzunmüddətli şaxələndirmə strategiyasının formalaşdırılması ilə bağlı yanaşmalarını, Azərbaycan qazının potensial tədarük şərtlərini, bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı və infrastrukturun modernləşdirilməsinə dair planlarını, eləcə də Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının bu il keçiriləcək iclasının prioritetlərini qeyd edib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Martın əvvəlində keçiriləcək Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında iştirak etməyi planlaşdırırsınızmı? Əgər planlaşdırırsınızsa, Moldova enerji təhlükəsizliyi və regional inteqrasiya kontekstində hansı prioritet məsələləri önə çıxarmaq niyyətindədir?

- Moldova Respublikası Cənub Qaz Dəhlizini enerji təhlükəsizliyinin gücləndirilməsi, qarşılıqlı əlaqələrin yaxşılaşdırılması və şaxələndirilmiş təbii qaz mənbələrinə çıxışın asanlaşdırılması üçün mühüm regional platforma hesab edir.

Moldovanın strateji prioriteti Trans-Balkan/Şaquli Qaz Dəhlizi vasitəsilə qaz bazarının Avropa infrastrukturuna inteqrasiyasını davam etdirməkdir. Bu, Cənub Qaz Dəhlizi sistemi vasitəsilə Xəzər regionundan tədarük olunan həcmlər də daxil olmaqla, rəqabətədavamlı nəqletmə güclərinə və birdən çox tədarükçüyə çıxışı təmin edəcək.

Bu tədbirlər sistem dayanıqlılığının artırılmasına və bir təchizat mənbəyindən asılılığın azaldılmasına xidmət edir.

- Moldova "Xəzər-Qara dəniz-Avropa" enerji dəhlizi (Black Sea Green Energy Corridor) layihəsində iştirak imkanını nəzərdən keçirirmi? Hökumətin qiymətləndirmələrinə görə, bu layihə enerji sisteminin dayanıqlığı, mənbələrin şaxələndirilməsi və Avropanın elektrik enerjisi bazarlarına inteqrasiya baxımından Moldovanın enerji sektoru üçün hansı üstünlükləri ola bilər?

- Moldova "Xəzər-Qara dəniz-Avropa" yaşıl enerji dəhlizi təşəbbüsünü sistemlərarası enerji bağlantılarının inkişafına, təmiz enerji mənbələrinin şaxələndirilməsinə və Avropanın elektrik enerjisi bazarları ilə daha sıx inteqrasiyaya töhfə verən strateji əhəmiyyətli regional layihə hesab edir. Hökumətin fikrincə, bu cür layihələr sistemin sabitliyinin artırılmasına, təchizatın etibarlılığının möhkəmləndirilməsinə və enerji sektorunun dekarbonizasiyasına kömək edə bilər. Moldova texniki-iqtisadi əsaslandırma (TİƏ) və bazar şərtlərindən asılı olaraq texniki və institusional iştirakın qiymətləndirilməsi üçün regional tərəfdaşlarla dialoqa açıqdır.

- Hazırda Azərbaycan qazının Moldovaya potensial tədarükü ilə bağlı danışıqlar aparılırmı? Həm birbaşa tədarük, həm də regional tərəfdaşlar və Avropanın mövcud qaz infrastrukturu vasitəsilə mexanizmlər nəzərdən keçirilirmi?

- Moldovada təbii qaz alışı yalnız kommersiya və bazar prinsipləri əsasında həyata keçirilir.

"Energocom" dövlət treyderi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə konstruktiv kommersiya dialoqu aparır və bazar şərtlərindən asılı olaraq spot və qısamüddətli əməliyyatların həyata keçirilməsinə imkan verən çərçivə sazişi bağlayıb. Milli şirkətin məlumatına görə, indiki mərhələdə uzunmüddətli tədarük müqaviləsi bağlanmayıb.

Regional dəhlizlər boyunca logistika və nəqliyyat xərcləri son qiymətə əhəmiyyətli dərəcədə təsir göstərən əsas məhdudlaşdırıcı amil olaraq qalır.

- Azərbaycan Moldovanın qaz təchizatının şaxələndirilməsi strategiyasının uzunmüddətli elementi ola bilərmi? Bu cür əməkdaşlıq üçün hansı şərtlər (kommersiya, infrastruktur və ya tənzimləyici) əsas sayılır?

- Azərbaycan mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü və Avropadakı digər qaz mənbələri ilə yanaşı, Moldovanın daha geniş şaxələndirmə siyasəti çərçivəsində potensial tərəfdaş kimi nəzərdən keçirilir.

Uzunmüddətli əməkdaşlıq perspektivləri, ilk növbədə, resursun kommersiya rəqabət qabiliyyəti, optimallaşdırılmış nəql tarifləri və mövcud marşrutlardan səmərəli istifadə əsasında müəyyən ediləcək.

Nazirlik enerji təhlükəsizliyi strategiyasını və normativ çərçivələrini formalaşdırır, satınalmalar haqqında qiymət və kommersiya qərarları isə lisenziyaya malik bazar iştirakçıları tərəfindən mövcud bazar qaydalarına uyğun olaraq qəbul edilir.

- Moldova ilə Azərbaycan arasında enerji əməkdaşlığının cari vəziyyətini necə qiymətləndirirsiniz? Ortamüddətli perspektivdə hansı istiqamətlər (qaz, BOEM, infrastruktur, təcrübə və texnologiya mübadiləsi) daha çox perspektiv vəd edir?

- Moldova ilə Azərbaycan arasında enerji əməkdaşlığı artıq qaz tədarükü çərçivəsindən kənara çıxır. Dialoq neft məhsullarını, saxlama infrastrukturunun inkişafını, bərpa olunan enerji mənbələrini, eləcə də texniki ekspertiza mübadiləsini əhatə edir.

Moldovanın enerji və neft bazarları liberallaşdırılıb, rəqabət qabiliyyətlidir və Aİ normalarına uyğun fəaliyyət göstərən beynəlxalq investorlar üçün açıqdır. İdxal və ticarət fəaliyyəti Milli Enerji Tənzimləmə Agentliyinin (ANRE) nəzarəti altında lisenziyaya malik iqtisadi operatorlar tərəfindən həyata keçirilir. Dövlət isə öz növbəsində, müvafiq orqanlar vasitəsilə siyasəti formalaşdırır və bazarın inkişafını dəstəkləyir.

- 2026-cı ildə Kişineu Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasına ev sahibliyi edəcək. Qaz sahəsində əməkdaşlıqla yanaşı, xüsusilə BOEM, enerji səmərəliliyi və şəbəkələrin modernləşdirilməsi sahələrində hansı prioritet layihələrin gündəliyə daxil edilməsi planlaşdırılır?

- Qaz tədarükünün şaxələndirilməsi ilə yanaşı, prioritetlər arasında bərpa olunan enerjinin inkişafı, elektrik enerjisinin saxlanması həllərinin tətbiqi, enerji infrastrukturunun modernləşdirilməsi və enerji səmərəliliyinin artırılması proqramları yer alır.

Bu istiqamətlər Moldovanın enerji keçidi üzrə milli hədəflərinə və Avropa bazarlarına inteqrasiya üzrə götürdüyü öhdəliklərə uyğundur.

- Moldova Azərbaycan şirkətlərini BOEM güclərinin və enerji saxlanc sistemlərinin (BESS) tikintisi üzrə tenderlərdə iştiraka dəvət edib. Azərbaycanın biznes dairələri Moldovanın energetika sahəsinə sərmayə yatırmaqda maraqlıdırmı? Hansı seqmentlər daha cəlbedici görünür?

- Energetika Nazirliyi BOEM güclərinin, o cümlədən BESS komponentli yerüstü külək layihələrinin tikintisi üçün rəqabət qabiliyyətli beynəlxalq tenderlər elan edib.

Prosedurlar müvafiq meyarlara cavab verən bütün investorlar, o cümlədən Azərbaycan şirkətləri üçün açıqdır. Seçim mexanizmi şəffaf və rəqabət prinsiplərinə əsaslanır, Avropanın tənzimləmə və satınalma standartlarına tam uyğundur.

44 filmi