4SİM rəsmisi: "Beynəlxalq sertifikatları dövlətin maliyyələşdirməsi layihəsi elan olunacaq" - MÜSAHİBƏ
- 17 sentyabr, 2026
- 16:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, kadr potensialının artırılması və beynəlxalq təcrübənin ölkəyə inteqrasiyası istiqamətində mühüm layihələrin icrası davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Rəqəmsal iqtisadiyyat şöbəsinin müdiri Xəyalə Fətullayeva "Report"a müsahibəsində ölkədə rəqəmsal bacarıqların gücləndirilməsi, "4Sİ Akademiyası"nın nəticələri və beynəlxalq sertifikatların maliyyələşdirilməsi ilə bağlı nəzərdə tutulan yeni təşəbbüslər barədə danışıb:
- Beynəlxalq təşkilatlardan xüsusi sertifikatlar əldə edən Azərbaycan mütəxəssislərinin maliyyələşdirilməsi üçün yeni proqram hazırda hansı mərhələdədir?
- Bizim təşəbbüslərdən biri "Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası" çərçivəsində vətəndaşların əldə etdiyi beynəlxalq sertifikatların maliyyələşdirilməsidir ki, burada da biz xüsusi seçilmiş, ölkə üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə ehtiyac olan sahələrə önəm veririk. Həmin sahələrdə sertifikat alan şəxslərin sertifikatlarını dövlətin, yəni bizim maliyyələşdirməmizlə bağlı layihə nəzərdə tutulub. Bu layihə üzərində iş gedir. Yaxın müddətdə biz layihə haqqında kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə elan paylaşacağıq. Layihə çox faydalıdır. Çünki o insanlar ki, özəl sektorda çalışmırlar, onların sertifikatlarının xərcini ödəyən bir şirkət yoxdur. Bu, tələbə ola bilər, bakalavr təhsilini yenicə bitirmiş şəxs ola bilər və yaxud da istənilən insan ola bilər ki, həmin sertifikatı əldə etmək üçün imtahan qiymətini sonradan bizi ona geri ödəyəcəyik.
- Söhbət hansı ixtisaslardan gedir?
- İstiqamətlər hazırda müəyyən edilməkdədir. Biz "Bacarıqlar Akseleratoru" layihəsi çərçivəsində ölkənin top işəgötürənləri, o cümlədən özəl şirkətlərlə sorğu keçirmişik. Onlar bizə məlumat veriblər ki, ölkədə əsasən hansı bacarıqlara, sertifikatlara malik insanlara ehtiyac var ki, insan resursları şöbəsi onları tapmaqda çətinlik çəkir. Məsələn, süni intellektin layihə idarəetməsində (project management) tətbiqi dediyim sahələrdən biridir. Bundan başqa, xüsusilə sənayedə SIRI (Smart Industry Readiness Index) üzrə qiymətləndirmə mütəxəssisləri ölkədə yoxdur. Xüsusilə rəqəmsal transformasiya zamanı şirkətlər o mütəxəssisləri tapa bilmirlər. Kibertəhlükəsizlik kimi sahələr çoxdur. Amma biz onlardan beşini prioritetləşdirib, beş istiqamətdə elan verəcəyik. Bu elanı yəqinki ilin sonuna qədər edəcəyik.
- Sizin "Coursera" platformasında 10 minlərlə şəxsin təqaüd proqramından yararlandığı bildirilir. Proqramın ilkin nəticələrini və effektivliyini necə qiymətləndirirsiniz?
- "4Si Akademiyası" milli proqram layihəsi ölkədə artıq 3-cü ildir həyata keçirilir və indiyə qədər 84 mindən çox insan maarifləndirilib. Biz effektivliyi insanların kursları götürdükdən sonra onların uğur hekayələrində və bizə geridönüşlərində görürük. Xüsusilə bu proqramın dəyərini ölçmək üçün müntəzəm olaraq iştirakçılar arasında sorğular keçirilir. Sorğulardan aldığımız nəticələrə görə onların bir çoxu gündəlik iş həyatlarında öyrəndiyi bilikləri tətbiq edirlər. Eyni zamanda onlar arasında karyera yüksəlişi əldə edənlər, könüllüdən hər hansı vəzifə tutan şəxsə, adi mütəxəssis olub, daha yüksək vəzifəyə, şöbə müdirliyinə keçənlər var. Bir də var ki, insanlar tamamilə karyerasının istiqamətini dəyişmək istəyir. Çoxlu sayda belə iştirakçılarımız var. Xüsusilə data sahəsinə maraq böyükdür, data analitik kimi oxuyub-öyrənib bu işə başlayan iştirakçılar var. Və biz bu layihənin dəyərini, insanların həyatına qatdığı töhfəni və ümumilikdə ölkəyə qatdığı töhfəni təkcə statistikalarda yox, onlar ilə mütəmadi əlaqə saxlayanda görürük. Məsələn, çoxlu sayda müəllimlər var, onlar öyrənirlər, eyni zamanda öz tələbələrini, şagirdlərini maarifləndirirlər.
"4Sİ Akademiyası" milli proqram layihəsindən gözləntiləriniz necədir?
- "4Sİ Akademiyası" milli proqram layihəsindən gözləntilər ilk növbədə onun dayanıqlılığını təmin etməkdir. Çünki layihə ayrı-ayrı fokus qrup və yaxud auditoriyalar üçün, gənclər üçün deyil, yaşından asılı olmayaraq hər kəs üçün nəzərdə tutulub. Belə layihələr çox azdır. Və bu da əhatə dairəsinə görə çox böyükdür. Qeyd etdiyim kimi, indiyə qədər 84 mindən çox insana çata bilmişik. Yəni bizim üçün əsas məsələ dayanıqlığı təmin etməkdir ki, biz bunu dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçiririk, yəni dövlət büdcəsinin deyil, daha çox bunu özəl tərəfdaşların dəstəyi ilə reallaşdırırıq. Növbəti mərhələdə müəyyən şirkətlərlə, ölkənin əsas işəgötürənləri ilə danışıqlar aparıb bu proqramda fərqlənən iştirakçıların o şirkətlərə işə düzəlməsinə, könüllülük proqramlarında iştirakına çalışışıq, artıq müəyyən nəticələr var. Növbəti etapda bunu gözləyirik. Eyni zamanda, proqramın tələbələrin kurikulumlarına tətbiq olunmasını, müəyyən imtahanlarda və qiymətləndirmələrdə kurslardan istifadə olunmasını növbəti etaplarda inkişaf mərhələsi olaraq görürük. Biz bu istiqamətdə çalışmaya başlayacağıq.
- Gələcəkdə yerli kadrların rəqəmsal bacarıqlarını artırmaq üçün hansı yeni platformalara çıxış, beynəlxalq tərəfdaşlıqlar gözlənilir?
- Bizim 4SİM olaraq istiqamətlərimizdən biri də insan kapitalının inkişafıdır. Məsələn, "Bacarıqlar Akseleratoru" platforması layihəsi ölkə üzrə fəaliyyət göstərir. Növbəti mərhələdə layihənin ölkə üçün fəaliyyət planı hazırlanacaq - bu insan kapitalının inkişafı mövzusunda olacaq. Çünki bizim ölkə olaraq 5 milli prioritetimizdən biri insan kapitalının inkişafı, rəqəmsal cəmiyyətə keçidin təmin olunmasıdır.
Eyni zamanda biz milli proqramı böyük miqyasda həyata keçiririk. "Coursera" dünyanın ən böyük öyrənmə platformasıdır və "Udemy" ilə də birləşdi. Bu o deməkdir ki, biz gələcəkdə "Udemy"ni vətəndaşlarımız üçün əlçatan edə biləcəyik. Eyni zamanda biz digər texnoloji şirkətlərlə işləyirik. Ölkədə "Apple" Səlahiyyətli Təlim Mərkəzinin açılmasına çalışırıq. Bundan başqa "Binance" şirkəti ilə ölkədə NFT, kriptovalyuta, blokçeyn texnologiyaları ilə bağlı məlumat sessiyaları təşkil eləyirik. Yəni bir çox belə layihələrimiz var. İqtisadiyyat Nazirliyinin hazırladığı, ötən il dekabrda ölkə Prezidentin imzaladığı Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyasında 50 təşəbbüsdən 15-i məhz insan kapitalının inkişafına töhfə verir. Maraqlı layihələr var. Yəqin ki, 4SİM yaxın zamanda onların elanını verəcək.