Dəfinə tapan arxeoloq: Torpağın altında yatan tariximiz qızıldan, brilyantdan da çox dəyərlidir - Müsahibə - VİDEO

Multimedia
  • 18 dekabr, 2025
  • 15:12
Dəfinə tapan arxeoloq: Torpağın altında yatan tariximiz qızıldan, brilyantdan da çox dəyərlidir - Müsahibə - VİDEO

Bəşəriyyət yaranandan günümüzə qədər bir çox tarixi sirlər torpağın altında gizlənib. Min illərin izlərini qoruyan qala divarları, məişət əşyaları, silah nümunələri, sarayların ağayana sükutuna şahidlik etmiş qızıl dəfinələr… Hər arxeoloji qazıntı keçmişin qaranlıq pərdəsini aralayaraq, tarixin bizə söyləmək istədiyi həqiqətləri üzə çıxarır. Həmsöhbətimiz sirli dünyanın izinə düşmək üçün illərin təcrübəsi ilə torpağın səsini dinləyən arxeoloq Qafar Cəbiyevdir. Tanınmış alimlə son 100 ildə Azərbaycan arxeoloqları tərəfindən tapılan ən böyük dəfinənin necə aşkarlanması, dəfinə "ovçuları" və "qara arxeologiya" haqqında söhbət etmişik.

"Report" müsahibəni təqdim edir:

- Qafar müəllim, torpağın altında çox böyük tarix yatır?

- Torpağın üzərində gördüklərinizin ən azı 10-15 qatı onun altındadır. Məsələn, Qız Qalası, Şirvanşahlar Sarayı yüzillərin tikililəridir. Bəşəriyyətin min illərə bərabər tarixi isə yerin altındadır. Torpaq qədim tarixi biz insanlardan daha yaxşı qoruyub saxlayır. Arxeoloq olaraq yerin 4-5 metr dərinliyində qazıntı işləri aparıram və bu zaman nələrsə üzə çıxır. Görürəm ki, tapdığım heç dəyişməyib - nə rəngi, nə də fiziki tərkibində ciddi dəyişiklik var. Amma aşkar olunandan sonra ona günəş işığı, hava, insan əli dəyir və dərhal aşınma gedir. Torpağın altında isə aşınma yoxdur. Metallardan isə mis oksidləşir, gümüş qaralır, amma qızılla bağlı bu baş vermir. Qızıl elə hər yerdə qızıldır.

Dəfinə tapan arxeoloq: Torpağın altında yatan tariximiz qızıldan, brilyantdan da çox dəyərlidir - Müsahibə - VİDEO

- Qızıl demişkən, rəhbərlik etdiyiniz Ağsu arxeoloji ekspedisiyası 2012-ci ildə dəfinə tapmışdı. Bu, Azərbaycan arxeologiyası üçün necə bir əhəmiyyət daşıyır və həmin tapıntının aşkar olunma anı necə yadınızda qalıb?

- Ağsu dəfinəsi bu vaxta kimi arxeoloji tədqiqatlar xətti ilə tapılmış yeganə qızıl pullardan ibarət dəfinədir. 2012-ci ildə tədqiqat apararkən orada böyük bir buzxana anbar aşkar etdik. Yer səthindən 7 metr dərinlikdə idi. Şəhərin ehtiyat ərzaq anbarı imiş. Qazıntı zamanı həmin ekspedisiyada olan müavinim Elmira Abbasova mənə zəng etdi, dedi bilirsiniz nə çıxıb? Dedim, ardını gətirmə. Bildim ki, qızıldır. Çünki belə məqamlarda informasiya təhlükəsizliyi önəmli məsələdir, bu informasiya sıza bilər və məndən əvvəl gedib o dəfinəni götürə bilərlər. Dərhal əraziyə getdim və gördüm ki, qızıldır. 37 ədəd qızıl pul idi. Sənədləşdirmə işləri apardıqdan sonra hamını yığıb detallı çəkiliş apardım. Bunu ona görə etdim ki, sonra deməsinlər ki, orada 37 yox, 47 ədəd qızıl olub. Sənədləşdirəndən sonra arxeoloji bazaya gəlib onun təhlilini apardıq. Məlum oldu ki bu XVIII əsrə aid holland dukatlarıdır. Holland dukatları dünyada ən dəyərli qızıl hesab olunur.

- Sonra o dəfinənin taleyi necə oldu?

- Demək biz dəfinəni tapanda həftənin şənbə günü idi. Bazar ertəsi Bakıya gəldim. Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoruna dedim ki, Milli Azərbaycan Tarixi Muzeyi ilə danışın qızılları ora təhvil verək. Çünki bu cür nadir əşyalar ancaq Milli Azərbaycan Tarixi Muzeyinin nadir əşyalar fondunda saxlanılmalıdır. Məni ondan sonra çoxları qınadı ki, niyə qızılları aparıb dövlətə təhvil verdin.

- Sizə qədər də belə dəfinələr tapılmışdı?

- Mənə qədər də arxeoloqlar qızıl tapmışdı. Dəfinə olmasa da, qızıl əşyalar olmuşdu. Mən şəxsən iştirakçısı və rəhbəri olduğum ekspedisiyalar xətti ilə öz əlimlə, aktla Tarixi Muzeyinə 44 ədəd qızıl əşya təhvil vermişəm. Qızıl pullardan əlavə medalyon olub, qızıl sırğalar olub. Dəmirçi nekropolundan 2 ədəd nadir qızıl sırğa çıxdı ki, onun bazar dəyərini deyə bilmərəm, amma elmi dəyəri misilsizdir. Həmin 2 qızıl sırğa 46 yaşlı qadının qəbrindən çıxmışdı. Həmin qəbirdə bilirsiniz nə qədər daş-qaş var idi?! Düz 2500 ədəd. Tərkibində əqiqdən tutmuş digər qiymətli daşlara qədər olan müxtəlif cür bəzəklər, daş-qaş var idi. Oradan bir ədəd də Roma istehsalı olan gümüş fibula tapılmışdı.

- Bəs dəfinə tapan arxeoloqa hansısa mükafat verilirmi?

- Nəzərə almaq lazımdır ki, yerin təkində nə varsa hamısı dövlətə məxsusdur. Fərqi yoxdur mənim, sənin ya başqa birinin həyətidir. Deyək ki, həyətində ağac əkəndə qızıl çıxdı. Onu muzeyə təhvil versən o zaman onun dəyərinin 20-25 faizini həmin şəxsə ödəməlidirlər. Qanunvericilik belədir. Mən arxeoloq olaraq, ekspedisiya zamanı belə bir şey aşkar edirəmsə orada faiz söhbəti olmur. Çünki dövlət mənə, ekspedisiyaya vəsait ayırır ki, get bu işi gör. O zaman qızıl üzə çıxırsa, tapıntı dövlətindir, biz də onu tapan heyətik. Bəli, bizə bu zaman mükafat yazıla bilər, amma faiz söhbəti yoxdur.

- Qazıntı zamanı hansısa təhlükəli məqamlarla qarşılaşırsınız?

- Ümumiyyətlə, arxeoloqların işlədiyi məkanlar ən təhlükəli yerlərdir. Biz qədim məzarlıqlarda, şəhər xarabalıqlarında, qalalarda işləyirik. Bu yerlərdə isə ilan, əqrəb, zəhərli heyvanlar məskunlaşıb, gizlənmiş olur. Məsələn Qəbələdə işləyəndə açdığımız quyulardan ilanlar çıxırdı.

- Bir çox yerlərdə əntiq əşyaların satıldığı mağazalar var. Orada müxtəlif tarixlərə məxsus qədimi əşyalar satılır. Satıcılar həmin əşyaları haradan əldə edir, satılan hər əşyanın sənədi olurmu?

- Bir çox yerdə əntiq əşyaların satıldığı yerlər var. Orada 2000-3000 il yaşı olan qılınclar, çoxsaylı sikkələr görə bilərsiniz. Bunların əksəriyyəti "qara arxeologiya"dan gələnlərdir. Qeyri-qanuni axtarışlar nəticəsində tapılıb və həmin yerlərə satılır. İndi quru sərhədlər bağlıdır, amma əminliklə deyirəm ki, əntiq əşyalar satılan mağazalardan nə qədər tarixi mədəni dəyərlərimiz xaricə daşınıb.

- Tarix boyu qızıl axtaranlar, dəfinə "ovçuları"olub. Bəs onlar necə bilirlər ki, harada qızıl var?

- Məsələn mən məntiqlə bilirəm ki, Azərbaycanda filan yerdə qızıl var. Qeyri-qanuni yollarla mənə təkliflər də gəlir. Gedək, qazaq, qızılı çıxaraq deyənlər olur. Bilirsiniz bu qızıl hərisliyi ötəri bir hissdir. Bizim torpağın altında yatan tariximiz qızıldan, brilyantdan da çox dəyərlidir. Bəli, tarix boyu dəfinələrin, dəyərli əşyaların tapılıb, qarət olunması işləri olub. Son 7-8 ildə Şəki ərazisində təxminən 6-7 dəfə polis tərəfindən qarətçiliklə məşğul olan cinayətkar dəstə ifşa edilib. Ötən il İsmayıllının Lahıc qəsəbəsində qızıl axtaranlar bir neçə ay çadırlar qurub, xüsusi texnika, hətta generatorlar aparmışdılar. Təsəvvür edin hər gün Lahıcdan ora aşağısı 7-10 nəfər fəhlə kimi gedib-gəlib. Mən Bakıda bu xəbəri eşitdim, həyəcan təbili çaldım.

İnsanlar var ki, illərdir bu qarətçilik işi ilə məşğuldurlar. İki il bundan əvvəl bir nəfər mənə zəng etmişdi. AMEA-da görüşdük. Dedi ki, filan yerdə qızıl var, istəyirik gedib onu araşdıraq, siz də bizə köməklik edəsiniz. Deyirəm necə köməklik lazımdır. Dedi ki, institutdan kağız versinlər, biz də gedib işləyək. Onlara dedim ki, siz kimsiz? Bu qanunsuz bir şeydir. Baxın, mən arxeoloqam, amma gedib haradasa nəsə qaza bilmərəm, buna ixtiyarım yoxdur. İnstitut gərək bununla bağlı əmr verməlidir - tərkib formalaşmalı, əmrin əsasında icazə vərəqəsi olmalıdır. Onu da aparıb Mədəniyyət Nazirliyində qeydiyyatdan keçirməlidir.

Ümumiyyətlə, fəaliyyətdə olduğum dönəmdə dəfələrlə ayrı-ayrı şəxslər tərəfindən təkliflər olub ki, Teymurləngin, Makedoniyalı İsgəndərin qızıllarının dəqiq yerini bilirik. Gedək oranı qazaq. Demişəm əvvəla sənin bu dediklərin Məlik Məmməd nağılıdır, uydurmadır. Belə bir şey yoxdur. Amma madam israr edirsən rəsmi şəkildə məktubla müraciət et, sənin də iştirakınla ekspedisiya təşkil edilsin. Bunun yolu budur.

Videoqraf: Mircavid Eminoğlu

Son xəbərlər

Bütün Xəbər Lenti