Serbiya parlamentinin sədr müavini: Azərbaycan ərazi bütövlüyümüzü daima dəstəkləyir
- 29 oktyabr, 2025
- 12:35
Rəsmi Belqrad Serbiyanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə Bakıya minnətdardır.
"Report" xəbər verir ki, bunu Serbiya parlamentinin sədr müavini Yovan Yaniç jurnalistlərə açıqlamasında bildirib.
"Biz özünü müstəqil dövlət elan edən Kosovonu tanımayan və Serbiyanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycana xüsusilə minnətdarıq. Ardıcıl mövqe nümayiş etdirdiyinə və Serbiyanı daima dəstəklədiyinə görə Azərbaycana hörmətimizi bildirir və təşəkkür edirik", - parlament sədrinin müavini bildirib.
Y.Yaniç həmçinin vurğulayıb ki, hazırda ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri energetikadır.
"Energetika sahəsində əməkdaşlıq münasibətlərimizi daha da möhkəm və qarşılıqlı faydalı edən seqmentdir. Mən müstəqilliyinin 30 ili ərzində əldə etdiyi bütün nailiyyətlərə görə Azərbaycan Respublikasına dərin hörmətimi bildirirəm. Azərbaycanın Konstitusiyası onun inkişafına və tərəqqisinə yol açıb", - o qeyd edib.