Səməd Seyidov: Avropa Parlamenti əvvəlcədən hazırlanmış qətnaməni təqdim edib
- 19 dekabr, 2025
- 12:04
Avropa Parlamentinin qəbul etdiyi qətnamə əvvəlcədən hazırlanmış və müəyyən məqsədlər üçün hazırlanmış sənəddir.
"Report" xəbər verir ki, bunu Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin sədri Səməd Seyidov Milli Məclisin plenar iclasında deyib.
"Dünən Avropa Parlamentindən mənə zəng gəldi. Bəlli oldu ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə əvvəlcədən hazırlanmış bir sənəddir", - o qeyd edib.
S.Seyidov əlavə edib ki, "həmin şəxs mənə dedi ki, onlar başqa məqsədlə bu məsələni gündəmə gətirirlər".
Deputat bildirib ki, Vaşinqtonda 8 avqustda keçirilmiş görüş və əldə olunmuş razılaşma da regionda sülh üçün mühüm dönüş nöqtəsi oldu, amma Avropa Parlamenti bu barədə susur, heç bir obyektiv münasibət bildirmir:
"Onlar Cənubi Qafqazda illərlə gözlənilən sülh prosesinə töhfə verməlidirlər. Bizimlə dialoqa dəvət etməli, obyektiv yanaşmalı və konstruktiv əməkdaşlıq qurmalıdırlar. Lakin təəssüf ki, Avropa Parlamenti tamam başqa bir mövqedən çıxış edir. Bu qurum, əslində, Avropanın bu gün düşdüyü dərin böhranın bir güzgüsüdür".