Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi yeni imkanlar yaradacaq - Rəy
- 19 oktyabr, 2026
- 17:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident İlham Əliyevin fərmanı ilə TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi Azərbaycan əhalisinə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edəcək.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat vurğulayıb ki, atılan addımlar səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi və tibbi xidmətlərin əlçatanlığının daha da artırılması baxımından geniş imkanlar yaradır:
"TƏBİB səhiyyə sahəsində islahatların ilkin mərhələsində, xüsusilə icbari tibbi sığortaya keçidin daha çevik təmin olunması məqsədilə keçid dövrü üçün yaradılmış bir qurum idi. Hesab edirəm ki, TƏBİB qarşıya qoyulan bu mərhələnin başa çatmasında öz rolunu yerinə yetirib. Artıq vahid və mərkəzləşdirilmiş idarəetmə sisteminə keçidin vaxtı çatmışdı və bu məsələ də dövlət başçısı tərəfindən öz həllini tapdı".
"Səhiyyə sahəsindəki islahatın əsas nəticəsi yalnız idarəetmə strukturunun dəyişməsi deyil, vətəndaşın daha keyfiyyətli, əlçatan və çevik tibbi xidmət alması olmalıdır. Bunun üçün rəqəmsal inteqrasiyanın gücləndirilməsi, maliyyə resurslarından səmərəli istifadə, tibbi kadrların hazırlığının səhiyyə sisteminin real ehtiyaclarına uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Əminəm ki, imzalanmış fərmanda nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçiriləcək, səhiyyə sahəsində idarəetmənin səmərəliliyi daha da artırılacaq və əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığı genişləndiriləcək".
Məlumat üçün qeyd edək ki, bu gün Prezident İlham Əliyevin Fərmanı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Həmçinin dövlət başçısının Sərəncamı ilə səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad edilərək Baş nazirin müavini təyinatını alıb.
Prezidentin digər Sərəncamları ilə TƏBİB-in icraçı direktoru Anar Bayramov vəzifəsindən azad edilərək səhiyyə naziri təyin edilib.