Milli Məclisin payız sessiyası başa çatıb - YENİLƏNİB
- 30 dekabr, 2025
- 12:53
Milli Məclisin spikeri Sahibə Qafarova 2025-ci ilin payız sessiyasının başa çatdığını bildirərək sessiya ərzində görülmüş işlər haqqında qısa məlumat verib.
"Report"un məlumatına görə, ötən payız sessiyasında Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətləri tam yerinə yetirdiyini bildirən spiker bu fəaliyyətin uğurlarına şərait yaradan amillər sırasında hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq əlaqələrinin rolunu qeyd edib.
Spiker diqqətə çatdırıb ki, payız sessiyasında Milli Məclisin 16 plenar iclası, 86 qanun və qərar layihəsi qəbul edilib.
Milli Məclisin payız sessiyasını uğurla başa çatdırdığını deyən Sahibə Qafarova səmərəli iş üçün deputatlara təşəkkür edib.
Sədr payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla da qanunverici orqanın payız sessiyasının sonuncu plenar iclası başa çatıb.
Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası keçirilir.
"Report" xəbər verir ki, iclasın gündəliyinə Azərbaycanla Somali və Uqanda arasındakı diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişin ratifikasiyası, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin Müraciəti daxil olmaqla ümumilikdə 15 məsələ daxil edilib.
İclas parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
Xatırladaq ki, qanunverici orqanın Daxili Nizamnaməsinə əsasən payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Parlament yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə deputatlar məzuniyyətdə sayılır.
Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Yaz sessiyası isə fevralın 1-də başlanır və mayın 31-dək davam edir.