Könül Nurullayevanın seçki qərargahının yaradılması ilə bağlı iclas keçirilib
- 07 yanvar, 2020
- 08:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün 24 saylı Nizami birinci seçki dairəsindən bu ilin fevralın 9-da Milli Məclisə seçkilərdə iştirak etmək üçün öz təşəbbüsü ilə deputatlığa namizədliyi irəli sürülmüş Nurullayeva Könül Oruc qızının aktiv seçki kampaniyasının aparılması ilə əlaqədar olaraq seçki qərargahının yaradılması və təşkilati işlərlə bağlı iclas keçirilib.
“Report” xəbər verir ki, tədbirdə tanınmış ictimai-siyasi xadimlər, ağsaqqallar, veteranlar, şəhid ailələri, Nizami rayon sakinləri, ziyalılar və digər şəxslər iştirak ediblər.
Tədbirdə 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Könül Nurullayeva qonaqları salamlayıb, onlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, bu ilin fevralın 9-da Milli Məclisə seçkilərdə iştirak etmək üçün öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.
Daha sonra çıxış edən seçki qərargahının rəhbəri Sabit Mahmudov əvvəlcə Könül Nurullayevaya uğurlar arzulayıb. O qeyd edib ki, K.Nurullayevanın aktiv seçki kampaniyası uğurla həyata keçirilir. Belə ki, K.Nurullayevanın imzatoplama kampaniyası çərçivəsində könüllülər ona böyük dəstək göstəriblər. Onların dəstəyi ilə lazım olan imzalar 24 saylı Nizami birinci seçki dairəsindən toplanaraq dairə seçki komissiyasına təqdim edilib. S.Mahmudov bildirib ki, seçki qərargahının yaradılmasında əsas məqsəd qanunvericiliyə uyğun olaraq yanvarın 17-dən etibarən aktiv seçki və təbliğat-təşviqat kampaniyasının aparılmasıdır.
Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev də tədbirdə çıxış edib. O, K.Nurullayevanın namizədliyini dəstəklədiyini və onun millət vəkili üçün gərəkli olan kriteriyalara cavab verdiyini bildirib. Mayıl Əliyev K.Nurullayevaya uğurlar arzulayıb.
Daha sonra tədbirdə iştirak edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Mehdiyev, Azərbaycan Rus İcması Nizami rayon təşkilatının sədri, Milli Qəhrəman Yuri Kovolyovun qardaşı Vitaliy Kovolyov və digər tanınmış şəxslər çıxış edərək, namizədə uğurlar arzulayıblar, onun parlamentdə təmsil olunmasının xalqa faydalı olacağını bildiriblər.
Qeyd edək ki, Könül Nurullayeva 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Respublikasının Dillər Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinə daxil olub, 2008-ci ildə həmin universiteti qırmızı diplomla bitirib. 2013-cü ildə isə Dillər Universitetində magistir dərəcəsinə uğurla yekun vurub.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun disertantıdır. 2019-cu ilin sentyabr ayından isə İsveçrənin Biznes Universitetində MBA proqramı üzrə təhsil alır. 2005-ci ildən ölkədə ən böyük gənclər təşkilatı olan “İrəli” Gənclər Hərəkatının İcraiyyə Komitəsinin üzvü və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, 2008-ci ildə yaradılan “İrəli” İctimai Birliyinin Təşkilat Komitəsinin sədri vəzifəsinə təyin edilib.
2007-ci ildə Mili Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr idarəsinin əməkdaşı, 2009-cu ildən isə rəisi vəzfəsinə təyin olunmuşdur. Atletika federasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri, “Bakı-2020” olimpiya Oyunlarına namizədlik ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin və “Bakı-2017” İslam Həmrəylik Oyunları namizədlik komitəsinin İcraçı direktoru olaraq beynəlxalq olimpiya hərəkatında ən gənc xanım rəhbər olaraq yadda qalıb. 2008-ci ildə Pekin Olimpiya oyunlarında nümayəndə heyətinin rəhbərinin köməkçisi, 2012-ci ildə London Yay Olimpiya oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, 2010-cu ildə Vankuver və 2014-cü ildə Soçi Qış olimpiadalarında nümayəndə heyətinin rəhbəri olaraq Azərbaycanın və beynəlxalq olimpiya hərəkatının tarixində ən gənc qadın missiya rəhbəri kimi iz qoyub.
“Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsüsi məsləhətçisi və Direktorlar şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yerdə qərarlaşan Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. 2013-cü ildə Avropa Olimpiya Komitəsinin “Qadın və İdmanda bərabərlik” komissiyasının üzvü seçilərək, ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edən ilk xanım kimi tarixə düşüb. Eyni zamanda, məhz həminn il 5 qitəni və 206 olimpiya komitəsini özündə birləşdirən Milli Olimpiya Komitələrinin Assosiyasiyasına Avropa qitəsindən nümayəndə olaraq seçilən ilk azərbaycanlı xanım olub.
2013-cü ilə 1985-ci ildən fəaliyyətə başlayan, 57 ölkəni özündə birləşdirən, Beynəlxalq Olimpiya Komitəsindən sonra dünyanın 2-ci ən böyük idman qurumu hesab edilən İslam Həmrəylik İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinə ilk xanım nümayəndə seçilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4-cü İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi üzrə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalanıb. Könül Nurullayeva yaradılmış təşkilat komitəsinin katibi təyin edilib. O, İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsinin”Milli Olimpiya Komitələri ilə Əlaqələr” Departamentinə də rəhbərlik edib. 2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulan “Qadın və İdman- Gender Bərabərliyi” Komitəsinə rəhbər təyin olunub, İHİF tərəfindən 2021-ci ildə İstanbulda keçiriləcək növbəti İslam Həmrəylik Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Şurasına üzv seçilib.
Ailəlidir, 1 övladı var.