Komitə sədri: Məktəb direktorluğuna namizədlərlə bağlı kadr bankı formalaşdırılmalıdır
- 31 oktyabr, 2025
- 11:44
 
                            
                            
                        Məktəb direktorluğuna namizədlərlə bağlı kadr bankı formalaşdırmaq lazımdır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, elm və təhsil nazirinin də açıqladığı kimi, 600 məktəbdə direktor vəzifəsi boşdur:
"Direktor seçimi üçün hər dəfə yeni metodologiya tətbiq olunur. Bir direktoru seçmək nədir ki, onun üçün bu qədər prosedur keçilməlidir? Halbuki məktəbdə rəy sorğusu keçirib on ildən çox stajı olanlardan birini direktor təyin etmək olar. Ya da direktorluğa namizədlərlə bağlı kadr bankı formalaşdırmaq, ehtiyac olduqda oradan seçmək olar".
Komitə sədri həmçinin xaricdə təhsil alan tələbələrin ölkəyə qayıtdıqdan sonra iş tapmaması probleminə də toxunub:
"Bu gün 100 milyonlarla vəsait xərcləyib xaricdə tələbə oxutdururuq. Amma onların ölkəyə qayıdanda işlə təmin edilməsi problemə çevrilib. Özləri təşəbbüs göstərməsə, valideynləri köməklik etməsə, iş tapa bilmirlər. Bu problemləri həll etmək lazımdır".
