İstehsalat qəzalarında əmək qabiliyyətini itirənlərin icbari sığorta siyahısı genişləndirilir
- 05 noyabr, 2025
- 10:17
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanların siyahısı genişləndirilir.
"Report" xəbər verir ki, bununla bağlı "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna dəyişikliklər təklif edilir.
Təkliflər 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil edilib.
Qeyd edilib ki, qanuna əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslər, habelə istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçısı olan könüllülər icbari sığorta olunurlar.