Deputat: “Tibbi sığortanın əhatə darisəsinin genişləndirilməsinə ehtiyac var”

Milli Məclis
  • 15 fevral, 2022
  • 08:11
Deputat: “Tibbi sığortanın əhatə darisəsinin genişləndirilməsinə ehtiyac var”
Soltan Məmmədov

“İdxal olunan aksizli mallar üzrə icbari tibbi sığorta haqqının ödənilməsinə nəzarət mexanizminin yaradılması Azərbaycanda yeni tətbiq olunan icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi baxımından çox mühüm əhəmiyyətə malikdir”.

“Report”un xəbərinə görə, bunu deputat Soltan Məmmədov parlamentin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deyib.

O hesab edir ki, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin tətbiqi prosedurunun başlanması ilə bağlı dəyişiklik günün tələblərinə uyğundur: “Bu prosedurun tətbiqi üçün icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı qarşıda duran vəzifələrin tam şəkildə yerinə yetirilməsi zəruridir. Ona görə də hesab edirəm ki, təklif olunan dəyişiklik yerinə düşür”.

Deputat vurğulayıb ki, tibbi xidmətlərin əlçatanlığının təmin olunması, eyni zamanda, əhatə darisəsinin genişləndirilməsi üçün bütün mümkün resurslardan istifadə olunmasına ehtiyac var: “Söhbət əhalinin, vətəndaşların sağlamlığından gedirsə burada dəqiq və praktik mexanizmlər tətbiq olunmalıdır. Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 tibbi xidmət daxil edilib. Əlavə resursların cəlb olunması tibbi xidmətlər zərfinin əhatə dairəsinin genişlənməsinə də stimul yarada bilər. Bu, xüsusilə sosial həssas qruplardan olan vətəndaşların mənafeləri baxımından çox vacibdir. Çünki bəzi hallarda bu kateqoriyadan olan vətəndaşlar zərfə daxil olmayan tibbi xidmətlərdən istifadə etməkdə çətinliklə qarşılaşır. Bu səbəbdən ümid edirəm ki, əlavə maliyyə daxilolmaları zərfə daxil olan tibbi xidmətlərin sayının davamlı artırılmasına xidmət edəcək”.

S.Məmmədov deyib ki, iicbari tibbi sığorta sistemi Azərbaycan üçün tamamilə yenilikdir: “Bu baxımdan əhalinin daha çox maarifləndirilməsinə ehtiyac var. Azərbaycanda icbari tibbi sığortanın tətbiqi vətəndaşlar üçün səhiyyə xidmətlərinin əlçatanlığının təmin olunması və keyfiyyətinin artırılması baxımından çox geniş imkanlar açır. Bu sahədə insanların maarifləndirilməsi, daha müfəssəl məlumat almasınının təmin edilməsi üçün müvafiq dövlət qurumları, o cümlədən Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər qurumlar tərəfindən mütəmadi maarifləndirmə işləri aparılır. Bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsinə ehtiyac var. Təklif olunan tibbi xidmətlər barədə vətəndaşların heç də hamısı yetərincə məlumatla malik olmur. Ona görə də hesab edirəm ki, həm kütləvi informasiya vasitələri, həm qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları bur prosesdə daha fəal iştirak edə bilər. Bu, həm ölkəmiz üçün, dövlətimiz üçün, həm də vətəndaşlarımız üçün çox vacib əhəmiyyət daşıyır”.

44 filmi