Bahar Muradova: Valideynlər rəqəmsal savadlılıq sahəsinə cəlb edilməlidir
- 08 iyun, 2026
- 11:55
Valideynlər rəqəmsal savadlılıq sahəsinə cəlb edilməlidir.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı çıxış edib.
Onun sözlərinə görə, bu qanun gənc nəslin, uşaqların virtual məkanda da qorunması məsələsini aktuallaşdırır:
"Bundan başqa, aidiyyəti qurumlarla yanaşı, valideynlər də rəqəmsal savadlılığa cəlb olunmalıdır".
B.Muradova yeni qanun layihəsindən danışarkən sosial şəbəkələrdə uşaqlar üçün yaş məhdudiyyətinin hüquqi normalara çevrildiyini də söyləyib:
"Bu, təkcə texniki tənzimləmə deyil. Uşaqların rəqəmsal mühitdə qorunmasına cavabdır".
Dövlət Komitəsinin sədri əlavə edib ki, gələcək mərhələdə informasiya sistemlərində fərdi məlumatların saxlanması vəziyyətinin aşkar edilməsi üçün müvafiq monitorinq və audit mexanizmləri də yaradılmalıdır.