Süni intellekt, innovasiyalar və medianın gələcəyi müzakirə olunub

Media
  • 28 oktyabr, 2026
  • 17:06
Süni intellekt, innovasiyalar və medianın gələcəyi müzakirə olunub

Media və informasiya savadlılığı, etik kodeks və digər prinsiplər bir-biri ilə sıx bağlıdır. Bunlardan biri olmadıqda, jurnalistikada savadlılığın və peşəkarlığın təmin olunması da çətinləşir.

"Report" xəbər verir ki, bunu Qafqaz Media Forumunda "Süni intellekt, innovasiyalar və medianın gələcəyi" mövzusunda panel müzakirədə AZTV-nin Teleradio Akademiyasının direktoru Almaz Mahmud bildirib.

O qeyd edib ki, bunu bir əlin beş barmağına bənzətmək olar: "Barmaqlardan biri olmadıqda, əlin funksiyası tam yerinə yetirilə bilməz. Eyni qaydada, bütün bu prinsiplər bir-birini tamamlayır. Manipulyasiyadan uzaq olmaq, məlumatlara tənqidi yanaşmaq və digər bacarıqların hamısı vacibdir".

ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılovanın sözlərinə görə, texnologiya dayanmadan inkişaf edir, hər gün yeni alətlər yaradılır və mövcud alətlər təkmilləşdirilir: "Hesab edirəm ki, süni intellekt həm media nümayəndələrinin, həm də ümumilikdə hər kəsin gündəlik və peşəkar həyatının bir hissəsinə çevrilir. Əlavə etmək istərdim ki, bu məsələ, ümumiyyətlə, iki əsas komponentdən ibarətdir. Birincisi, xəbərin hazırlanması prosesinin dəyişməsi, yəni transformasiyasıdır. İkincisi isə xəbəri istehlak edən tərəfin davranışının və məlumatı qəbul etmə üsullarının dəyişməsidir".

Startap ekosisteminə dəstək şöbəsinin mudiri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Elxan Şükürov isə vurğulayıb ki, ehtiyaclar əsasında jurnalistlərin istifadəsi üçün müxtəlif süni intellekt alətləri və ya startap adlandırdığımız innovativ həllər yaradıla bilər: "Burada əsas məsələ həmin həllərin yaradılmasına həqiqətən ehtiyac olub-olmadığını əvvəlcədən təhlil etməkdir. Əgər hər hansı bir ideya real ehtiyacdan irəli gəlmirsə və kimsə sadəcə öz ideyasını həyata keçirmək, yeni həll və ya startap yaratmaq istəyirsə, belə təşəbbüsün uğursuzluqla nəticələnməsi ehtimalı yüksəkdir".

Daha sonra auiditoriyanın sualları cavablandırılıb.

44 filmi