Report Media Məktəbində 21-ci qrupun təlim proqramı yekunlaşıb

Media
  • 21 avqust, 2026
  • 15:54
Report Media Məktəbində 21-ci qrupun təlim proqramı yekunlaşıb

"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 21-ci qrupunun təlim proqramı yekunlaşıb.

"Report" xəbər verir ki, agentlikdə jurnalistika peşəsinin sirlərini öyrənən, xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, monitorinq və sorğulara qoşulan 10 jurnalistə sertifikat təqdim edilib.

Çıxış edən "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev tələbələrin qazandığı nəticədən razı qaldığını bildirib:

"Report Media Məktəbinin sayca 21-ci qrupunun üzvləri əsasən jurnalistika fakültəsinin tələbələrindən ibarət olub. Yazı yazmaq, xəbər hazırlamaq işində kifayət qədər irəliləyiş əldə edilib. Bu qrupda iki məzun fərqlənmə sertifikatına layiq görülüb".

Görüşdə iştirak edən "Global Media Group"un İnsan Resursları üzrə departamentinin meneceri Yelena Quliyeva tələbələri bilik əldə etmək işində yorulmamağa çağırıb:

"Report Media Məktəbini uğurla bitirən hər tələbənin holdinqin saytlarında əlavə təcrübə qazanmaq imkanı yaradırıq. Bu günlərdə ötən qruplarda bacarıq nümayiş etdirən bir neçə məzunu yeni yaranan vakansiya üzrə müsahibəyə dəvət etmişik. İş qazanmaq yolunda hər birinizə uğur diləyirəm".

Report Media Məktəbinin rəhbəri, təlimçi İsmayıl Rafiqoğlu təlim prosesi ilə bağlı fikirlərini bölüşüb:

"Yay qrupuna mümkün qədər tələbə cəlb etməyə çalışmışıq. Digər dövrlərdə qrafiklə əlaqəli çətinliklər az olmur. Qrupun özəyini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri təşkil edib. Report Media Məktəbi-21 qrupunda bəzi yeniliklər də tətbiq edilib. Bu dövrdə xeyli tapşırıq yerinə yetirib, bir-birindən maraqlı tədbirlər keçirmişik. Xəbər hazırlamaq, informasiya duyumunu yüksəltmək əsas məqsədimiz olub".

İ.Rafiqoğlu təlim prosesində bir sıra əlavə təlim və görüşlərin də baş tutduğunu deyib:

"Report"un bir sıra aparıcı jurnalistlərinin tələbələrlə görüşləri baş tutub. Baş redaktor Namiq Mayılov, baş redaktorun müavini Emil Quliyev, rəqəmsal marketinq üzrə menecer Cavid Osmanov, idman şöbəsinin redaktoru Kənan Həsənov, daxili siyasət şöbəsinin redaktoru Elgün Mənsimov, multimedia şöbəsinin rəhbəri, rəqəmsal marketinq üzrə mütəxəssis İlkin Əhmədov daxil olmaqla maraqlı təlimlər keçirilib.

Jurnalist, təhsil eksperti, rəqəmsal media və reklam strategiyaları üzrə mütəxəssis Mürsəl Əliyev, yazıçı-publisist, jurnalist Nihat Pir, "Bizimyol.info" saytının təsisçisi, yazıçı, publisist, jurnalist Bahəddin Həzi, Milli Məclisin deputatı, siyasətçi, jurnalist Elçin Mirzəbəyli, Röyter (Reuters) Xəbər Agentliyinin Azərbaycandakı müxbiri və nümayəndəsi, Anews.az saytının təsisçisi, jurnalist Nailə Balayeva, "Ulduz" jurnalının baş redaktoru, jurnalist, yazıçı, şair Qulu Ağsəs, "Unibank" Kommersiya Bankının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, PR üzrə mütəxəssis, jurnalist Sülhiyyə Şirinova kimi tanınmış simalarla görüşlər reallaşıb".

Report Media Məktəbinin rəhbəri tədris prosesində baş verən yeniliklərdən də danışıb:

"Texnoloji tərəqqi bu gün bizi artıq işə yaramayan köhnə metodlardan imtina edib yeni qərarlar qəbul etməyə məcbur edir. Sosial media platformalarının, süni intellektin inkişafı, axtarış sistemlərində baş verən dəyişiklər jurnalistikanı yeni istiqamətə doğru aparır. Bu şəraitdə bir sıra ənənəvi müddəalar artıq işə yaramır. Yeni informasiya mühitinə uyğunlaşmaq tələb olunur".

Qeyd edək ki, "Report" İnformasiya Agentliyinin tərkibində olan Report Media Məktəbində 2018-ci ildən təlimlər keçirilir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Report İnformasiya Agentliyi 2021-ci ildən "Global Media Group" media şirkətləri qrupunun tərkibində fəaliyyət göstərir. Burada yaradılan Media Akademiyası müasir mediada karyera qurmaq istəyən gənclərə geniş imkanlar təqdim edən tədris platformasıdır. Akademiya müxtəlif media məktəblərini bir araya gətirir, tələbələrə keyfiyyətli təhsil və praktik təcrübə təqdim edir.

Media Akademiyasının tərkibinə Report Media Məktəbi, Peşəkar Media Məktəbi daxildir.