Paolo fon Şirax: Azərbaycan Cənubi Qafqazda regional haba çevrilməyi hədəfləyib
- 21 iyul, 2025
- 11:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışında ölkənin gələcəyi ilə bağlı iddialı fikirlər səsləndirilib.
Bunu “Report”un müxbirinə Vaşinqtonda Bay Atlantic Universitetinin (BAU) Qlobal Siyasət İnstitutunun prezidenti, politologiya və beynəlxalq münasibətlər üzrə professor Paolo fon Şirax (Paolo von Schirach) bildirib.
"Xüsusilə belə nəticəyə gəlmək olar ki, Azərbaycan Cənubi Qafqazda regional mərkəzə çevrilməyi hədəfləyib. Bu mərkəz Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında ticarət, investisiya, biznes, turizm və humanitar mübadilələr üçün əsas həlqə olacaq", - professor bildirib.
Fon Şirax qeyd edib ki, Xankəndiyə son səfəri zamanı Prezident Əliyevə Ermənistanla münaqişənin başa çatmasından sonra ölkənin gələcəyini necə gördüyü barədə sual vermək fürsəti olub. "Başa düşürəm ki, hələ həll edilməli çox məsələ var, lakin problemlərin böyük hissəsi artıq geridə qalıb", - o vurğulayıb.
Ekspertin sözlərinə görə, onu xüsusilə Azərbaycanın iqtisadi inkişaf strategiyası və hökumətin birbaşa xarici investisiyaların cəlb edilməsi istiqamətində gördüyü tədbirlər maraqlandırıb.
"Azərbaycanın böyük potensialı var. Qarabağın bərpası uzun illər işğaldan əziyyət çəkmiş insanların normal həyata qayıtmasına töhfə vermək istəyən investorlar üçün böyük imkanlar açır. Lakin məsələ bununla bitmir. Prezident İlham Əliyev gələcəklə bağlı baxışını çox aydın şəkildə ifadə edib: ölkə Şərqlə Qərbi birləşdirən ən mühüm nəqliyyat-logistika və iqtisadi qovşaq çevrilməyə çalışır. Regionda sabit sülh təmin olunarsa, bu hədəfə nail olmaq tamamilə mümkündür. Bu, hamının faydalanacağı bir fürsətdir", - o vurğulayıb.