Lənkəranda "Mediada Azərbaycan dili" mövzusunda təlim keçirilib
- 11 aprel, 2026
- 16:04
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası "Mediada Azərbaycan dili" proqramı çərçivəsində növbəti təlim Lənkəranda keçirilib.
"Report"un Cənub bürosunun məlumatına görə, tədbirdə media qurumlarının nümayəndələri və dövlət strukturlarının mətbuat xidmətlərinin əməkdaşları iştirak ediblər.
"Mediada Azərbaycan dili" adlı videoçarxın nümayişindən sonra tədbirin məqsədi açıqlanıb. Qeyd edilib ki, əsas məqsəd medianın ana dilinin qorunmasındakı əhəmiyyətini vurğulamaq, bu istiqamətdə mövcud yanaşmaları və inkişaf imkanlarını müzakirə etmək, həmçinin mövcud problemləri üzə çıxarmaqdır.
Teleradio Akademiyasının direktoru Almaz Nəsibova çıxışında proqramın əsas hədəfinin Azərbaycan dilinin qorunması və inkişafı olduğunu vurğulayıb, layihə barədə məlumat verib və təlimlərin yekununda kitabın nəşr ediləcəyini diqqətə çatdırıb.
Düzgün və səlis nitqin yalnız media nümayəndələri üçün deyil, hər bir vətəndaş üçün vacib olduğunu vurğyulayan Əməkdar artist Sevda Ağazadə qeyd edib ki, fikirlərin ardıcıl və tələsmədən ifadə olunması dinləyici ilə ünsiyyətdə mühüm rol oynayır. Onun sözlərinə görə, insanın nitqi onun tanınmasında əsas amillərdən biridir. S.Ağazadə Azərbaycan Televiziyasının peşəkar məktəb kimi rolunu xüsusi qeyd edib və efirin yüksək məsuliyyət tələb etdiyini şəxsi təcrübəsi ilə əsaslandırıb.
Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktor müavini, dosent Şəhla Quliyeva Azərbaycan dilinə diqqətin artırılmasının vacibliyini qeyd edib və orfoqrafiyanın tarixi inkişafı haqqında məlumat verib. O, düzgün nitqin formalaşdırılmasının yazı mədəniyyətinin əsasını təşkil etdiyini bildirib.
Çıxışlarda həm televiziya, həm də yazılı mətbuatda dil qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb. Dilin qorunmasının milli kimliyin qorunması ilə birbaşa bağlı olduğu qeyd edilib. Azərbaycan dilinin müxtəlif dövrlərdə xarici təsirlərə məruz qaldığı, bu gün dilin saflığının qorunmasının xüsusi əhəmiyyət daşıdığı vurğulayıb.
Efir estetikası üzrə mütəxəssis Mümtaz Xəlilzadə təlim çərçivəsində iştirakçılara ləhcə, şivə, rus və ingilis aksentləri probleminin həlli - Ahtikulyasiya, intonasiya, vurğu, üslub, mediada Azərbaycan dili mövzularında təqdimatla çıxış edib. İştirakçılarla maraqlı müzakirələr aparılıb.
Qeyd edək ki, ki, AzTV-nin Teleradio Akademiyasının "Mediada Azərbaycan dili" təlimləri bu ilin yanvar ayından başlayıb və iki ay ərzində paytaxt Bakıdakı televiziya, radio və onlayn media qurumlarında çalışan 50-yə yaxın jurnalist, redaktor və aparıcı iştirak edib. Bu təlimləri 20-dən çox dilçi alim və mütəxəss aparıb. Regionlardakı digər təlimlər də başa çatandan sonra əldə olunan bütün nəticələr elektron kitab şəklində çap olunacaq, iştirakçılara sertifikatlar veriləcək.