Klaus Struns: "Euronews" Azərbaycan haqqında yeni sənədli və rəqəmsal layihələr planlaşdırır

Media
  • 25 avqust, 2026
  • 11:03
Klaus Struns: Euronews Azərbaycan haqqında yeni sənədli və rəqəmsal layihələr planlaşdırır

"Euronews" telekanalı Azərbaycana həsr olunmuş yeni sənədli, televiziya və rəqəmsal layihələr həyata keçirməyi planlaşdırır.

Bu barədə "Euronews"un baş və redaksiya direktoru Klaus Struns Daşkənddə "Report"un müxbirinə müsahibəsində bildirib.

"Biz həmişə Azərbaycanla bağlı sənədli filmlər, maraqlı televiziya materialları və rəqəmsal kontent yaratmaq üçün imkanlar axtarırıq", - o qeyd edib.

Strunsun sözlərinə görə, Azərbaycan unikal coğrafi mövqeyi, zəngin tarixi və çoxlu sayda maraqlı hekayələri sayəsində beynəlxalq auditoriya üçün xüsusi maraq kəsb edir.

O qeyd edib ki, "Euronews"un Bakıda ofisinin açılması Avropa auditoriyası üçün Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda baş verən hadisələrin daha geniş şəkildə işıqlandırılmasına imkan verir.

"Azərbaycanda mövcudluğumuzun məqsədlərindən biri məhz Avropa auditoriyası üçün regionda və daha geniş Qafqazda baş verən hadisələr barədə məlumatları çatdırmaq və işıqlandırmaqdır", - Struns bildirib.

O vurğulayıb ki, Cənubi Qafqazda cərəyan edən proseslər Avropa üçün mühüm əhəmiyyət kəsb edir.

"Avropanın gələcəyinin bir hissəsi məhz bu regionda müəyyənləşəcək. Buna görə də burada baş verən hadisələri, prosesləri və vacib mövzuları ilk olaraq jurnalistlər işıqlandırmalıdır – bu, onların borcu və vəzifəsidir", - "Euronews"un baş direktoru əlavə edib.

Struns həmçinin Avropa İttifaqının Azərbaycana və Cənubi Qafqaza marağının artmasına diqqət çəkib.

44 - Tezliklə