İsmət Səttarov Albaniyada audiovizual mediaya həsr olunmuş tədbirə qatılıb
- 19 sentyabr, 2025
- 14:16

Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 12-ci Toplantısında iştirak edib.
Bu barədə "Report"a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, toplandı Albaniyanın Vlora şəhərində keçirilib. Tədbirin mövzusu "Audiovizual və onlayn media platformalarında nifrət nitqi və informasiya azadlığı" olub. Tədbirdə Albaniya Audiovizual Media Qurumunun (AMA) sədri xanım Armela Krasniqi, BRAF-ın Baş katibi xanım Dəniz Güçer və QDİƏT-in Baş katibinin birinci müavini xanım Merve Səfa Kavakçı açılış nitqləri ilə çıxış edib.
Toplantı çərçivisində "Audiovizual mediada nifrət nitqi və informasiya azadlığı: İnformasiya azadlığı və ictimai təhlükəsizliyin balanslaşdırılması üçün etik qaydalar və hüquqi çərçivələr" və "Onlayn media platformalarında nifrət nitqi və informasiya azadlığı: Onlayn media kontentini tənzimləmək üzrə ictimai məlumatlılıq kampaniyası və beynəlxalq əməkdaşlıq" mövzularında iki panel sessiya təşkil edilib.
Birinci paneldə çıxış edən İsmət Səttarov Azərbaycanda nifrət çıxışları, dini, irqi, cinsi ayrıseçkiliyin qanunla qadağan olunduğunu bildirmiş, bu istiqamətdə Audiovizual Şuranın gördüyü işlər barədə geniş məlumat verib.
Toplantının işində iştirak edən Sədrin müşaviri Haşim Əliməmmədzadə Azərbaycanda media sahəsində baş verən son dəyişikliklər haqqında danışıb.
Tədbirin sonunda BRAF-ın növbəti toplantısının Bolqarıstanda keçirilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, BRAF-ın 11-ci toplantısı 14-16-da Bakıda Audiovizual Şuranın təşkilatçılığı ilə keçirilib.