İndoneziya D-8-də gələcək sədrliyinin prioritetlərini müəyyən edib
- 21 noyabr, 2025
- 11:33
İndoneziya 2026-2027-ci illərdə D-8-ə sədrlik etməyə hazırlaşır.
"Report" xəbər verir ki, bunu İndoneziya Xarici İşlər Nazirliyinin çoxtərəfli siyasət məsələləri üzrə baş müşaviri Aqustaviano Sofyan Bakıda "Dialoqu, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunda bildirib.
Onun sözlərinə görə, İndoneziya qarşıdakı sədrliyi dövründə praktik, gələcəyə yönəlmiş və D-8-in ümumi inkişaf məqsədlərinə uyğun media əməkdaşlığını fəal şəkildə təşviq etmək niyyətindədir:
"Əminik ki, üzv ölkələrin birgə işi təşkilatın beynəlxalq arenada mövqeyini gücləndirəcək".
A.Sofyan həmçinin vurğulayıb ki, uğurlu əməkdaşlıq ortaq dəyərlər, etik standartlar və rəqəmsal innovasiyalar üzərində qurulmalıdır:
"Bu da D-8 ölkələrinə cəmiyyətin mediaya olan inamını gücləndirməyə, dayanıqlı informasiya mühiti yaratmağa və daha məlumatlı qlobal icma formalaşdırmağa imkan verəcək".