İctimai proseslərdə medianın roluna həsr olunan panel müzakirə keçirilib

Media
  • 01 may, 2026
  • 12:19
İctimai proseslərdə medianın roluna həsr olunan panel müzakirə keçirilib

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum çərçivəsində "Şəhərsalma və Memarlıq İli"ndə media gündəmi"nə həsr olunan panel sessiya təşkil olunub.

"Report" xəbər verir ki, paneldə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Mətin Hüseynov deyib ki, Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri uğurla həyata keçirilir:

"Ölkədə xeyli yaşıllıqlar, parklar yaradılır. Sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait var. Bakının qədim ərazilərində yenidənqurma və bərpa işləri aparılır. Küçələr abadlaşdırılır, binalar bərpa olunur. Bu işlər həm də mədəni irsi qorumaq üçündür".

Azərbaycanda bundan öncə keçirilən qlobal tədbirlərə toxunan M.Hüseynov qeyd edib ki, ölkənin böyük tədbirlərə ev sahibliyi üçün böyük təcrübəsi var.

Bu çərçivədə medianın roluna toxunan BŞİH rəsmisi qeyd edib ki, həmin işlərin həyata keçirilməsi ilə yanaşı, onun mediada işıqlandırılması da əsas yer tutur.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov deyib ki, foruma qeydiyyat davam edir:

"800-dən artıq yerli və xarici media nümayəndəsi akkreditasiya üçün müraciət edib. Media nümayəndələri üçün tədbir məkanında hər cür şərait təmin ediləcək, jurnalistlər üçün media mərkəzi yaradılacaq".

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli işğaldan azad olunan ərazilərdə tarixi abidələrlə bağlı görülən işlərdən danışıb.

O qeyd edib ki, işğal dövründə abidələrə 700 milyon manatdan artıq ziyan dəyib.

Paneldə bildirilib ki, 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması ölkədə son illər bu sahədə həyata keçirilən genişmiqyaslı layihələrin, eləcə də ardıcıl və məqsədyönlü islahatların davamı olmaqla yanaşı, Azərbaycanın müvafiq istiqamətdə inkişaf siyasətinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir.

Bu baxımdan, 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumu - WUF13-ün Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq səviyyədə artan nüfuzunun, dayanıqlı və müasir yaşayış mühitinin formalaşdırılması istiqamətində əldə olunan nəticələrin qlobal miqyasda yüksək qiymətləndirilməsinin bariz göstəricisidir.

Vurğulanıb ki, bu sahədə irəli gələn yeni çağırışlar, artan məsuliyyət və geniş imkanlar yalnız aidiyyəti dövlət qurumlarını deyil, ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayan medianı da daha fəal və məsuliyyətli iştirakçıya çevirir.

Qeyd edək ki, panel müzakirənin sonunda iştirakçıların sualları cavablandırılıb.