Gürcüstanlı jurnalist: Azərbaycana hər gəlişimdə bu ölkəni özüm üçün yenidən kəşf edirəm
- 04 sentyabr, 2026
- 16:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanlı jurnalist Azərbaycanda tez-tez olduğunu və hər gəlişində bu ölkəni özü üçün yenidən kəşf etdiyini bildirib.
Bunu "Report"un Qərb bürosuna açıqlamasında Azərbaycana səfər çərçivəsində Gəncəyə gələn gürcüstanlı jurnalist və bloqerlərdən ibarət qrupun rəhbəri Tako Tamuna deyib.
Onun sözlərinə görə, belə səfərlər Gürcüstan və Azərbaycan xalqları arasında münasibətləri daha da dərinləşdirir:
"Hamımız bilirik ki, bu gün sosial şəbəkələrdə çoxlu dezinformasiya yayılır, dürüst məlumatlar çatışmır. Məhz buna görə də jurnalistlərin, blogerlərin, mədəniyyət xadimlərinin, ekspertlərin hər şeyi öz gözləri ilə görmələri, daha sonra isə bu haqda öz auditoriyalarına, dostlarına, tanışlarına və başqalarına danışmaları vacibdir. Mən özüm Azərbaycanda tez-tez oluram və hər gəlişimdə bu ölkəni özüm üçün yenidən kəşf edirəm. Məsələn, mən əvvəllər Qobustan haqqında, oradakı bir neçə min il yaşı olan qayaüstü rəsmlər barəsində heç nə bilmirdim. Artıq hər səfərimdə yeni məlumatlar əldə edirəm, Azərbaycanın tarixi, mədəniyyəti və təbiətinin zənginliyinə bir daha əmin oluram".
T.Mumladze Azərbaycanın azad olunmuş ərazilərinə səfər təəssüratlarını da bölüşüb:
"Xankəndidə Zəfər tağını və pilləkənləri görəndə çox təsirləndim, hər bir pilləkəndə bütün tarix - o günlərdə nələrin baş verdiyi yazılmışdı. Ümumiyyətlə, əlavə etmək istəyirəm ki, Qarabağ gözlərimin önündə kiçik bir uşaq kimi böyüyür və çiçəklənir. Sizin adınıza çox şadam və arzulayıram ki, Azərbaycan həmişə çiçəklənsin".