"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib

Media
  • 07 noyabr, 2025
  • 17:43
Global Media Group Media Akademiyasının təlim proqramına start verilib

"Global Media Group" Media Akademiyasının tərkibində fəaliyyət göstərən Report Media Məktəbi və Peşəkar Media Məktəbinin birgə təlim proqramına start verilib.

"Report" xəbər verir ki, müraciət edənlərdən 10 tələbə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayıb jurnalistika peşəsinin sirlərini öyrənməklə yanaşı, fotojurnalistika, rəqəmsal marketinq, yumşaq bacarıqlar istiqamətində bilik əldə edəcək.

Təlim dövründə xəbər jurnalistikasına və rəqəmsallığa önəm veriləcək.

Peşəkar Media Məktəbində keçirilən görüşdə Global Management MMC-də İnsan Resursları Departamentinin rəhbəri Səadət İsmayılova, "Global Management" MMC-nin İnsan resursları departamentinin baş meneceri Mələknaz Yusifova, "Report" İnformasiya Agentliyinin baş redaktoru Namiq Mayılov, Report Media Məktəbinin rəhbəri və təlimçisi İsmayıl Rafiqoğlu, Peşəkar Media Məktəbinin təlimçiləri - Global Menecment MMC-nin marketinq departament rəhbəri Laura Seyidbəyova, PR və marketinq meneceri Vüsal Bəkirov, Global Photostock MMC-nin direktoru Ramil Zeynalov iştirak ediblər.

Görüşdə çıxış edən Səadət İsmayılova "Global Media Group" Media Akademiyasında kifayət qədər ciddi təlimlərin keçirildiyini vurğulayıb:

Səadət İsmayılova

"İllərdir bir sıra media layihələrini uğurla reallaşdırırıq. Təlim komandasında da peşəkarlar çalışırlar. Bu layihədə rəqəmsallığın və yeni texnologiyaların tədrisini daha da gücləndirməyi düşünürük. Holdinqin daxili siyasəti elədir ki, açıq vakansiyalarda ilk olaraq təlimi uğurla bitirmiş tələbələrin namizədliyinə baxılır. Yaxşı nəticələr göstərənləri işə cəlb edirik".

Daha sonra çıxış edən Namiq Mayılov jurnalistikada çalışmaq üçün peşəyə həvəsli olmağın vacibliyini qeyd edib.

"Jurnalistikanı sevərək mətbuata üz tutan gənclərlə işləmək olduqca xoşdur. Bizim peşəmiz elə də asan deyil. Stressi, qaçhaqaçı, həyəcanı da var, amma çox maraqlıdır. Hətta 60 yaşında belə əlində mikrofonla gedərkən özünü çox gənc hiss edirsən. Hesab edirəm, burada alacağınız biliklər sizə faydalı olacaq", - baş redaktor deyib.

Namiq Mayılov

Sonda İsmayıl Rafiqoğlu təlimə seçilən tələbələri təbrik edib:

"Seçim turu heç də asan olmayıb. İnsan Resursları Departamenti ilə birlikdə bu qrupu formalaşdırmaq üçün xeyli çalışmışıq. Hər seçilən tələbə müəyyən tapşırığı yerinə yetirməklə yer qazanıb. Növbəti aylarda prosesin uğurlu davam edəcəyinə inanıram".

İsmayıl Rafiqoğlu

Qeyd edək ki, "Report" İnformasiya Agentliyinin tərkibində olan Report Media Məktəbində 2018-ci ildən təlimlər keçirilir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Report İnformasiya Agentliyi 2021-ci ildən "Global Media Group" media şirkətləri qrupunun tərkibində fəaliyyət göstərir. Burada yaradılan Media Akademiyası müasir mediada karyera qurmaq istəyən gənclərə geniş imkanlar təqdim edən tədris platformasıdır. Akademiya müxtəlif media məktəblərini bir araya gətirir, tələbələrə keyfiyyətli təhsil və praktik təcrübə təqdim edir.

Media Akademiyasının tərkibinə Report Media Məktəbi, Baku TV Rəqəmsal Media Məktəbi, Peşəkar Media Məktəbi daxildir.

Son xəbərlər

Bütün Xəbər Lenti