Ekspert: Süni intellekt və rəqəmsal innovasiyalar redaksiyaların işini transformasiya edir

Media
  • 21 noyabr, 2025
  • 14:35
Ekspert: Süni intellekt və rəqəmsal innovasiyalar redaksiyaların işini transformasiya edir

Süni intellekt (AI) və rəqəmsal innovasiyalar redaksiyaların işini transformasiya edir.

"Report" xəbər verir ki, bunu rəqəmsal biznes və media innovasiyaları üzrə indoneziyalı ekspert Ferdian Bakıda keçirilən "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunda bildirib.

Onun sözlərinə görə, rəqəmsal innovasiyalar və süni intellekt artıq gələcək deyil, onlar həyatın ayrılmaz hissəsinə çevrilib.

"AI redaksiyaların işini üç istiqamətdə transformasiya edir. Birincisi, məlumatın aşkarlanması və dəqiqləşdirilməsidir. Əvvəllər xəbərlərin hazırlanması beş saata qədər vaxt apara bilərdi, indi isə AI vasitəsilə bunu beş dəqiqəyə etmək mümkündür. Süni intellekt məlumatları, şəkil və mətnləri emal edir, sosial şəbəkələri təhlil edir, trendləri müəyyənləşdirir, auditoriyanın cəlb olunma səviyyəsini qiymətləndirir və hətta potensial təhlükəli kontenti aşkarlayır", - ekspert qeyd edib.

Ferdianın fikrincə, ikinci istiqamət proseslərin avtomatlaşdırılmasıdır:

"AI redaksiyanın iş proseslərini optimallaşdırmağa kömək edir, materialların müxtəlif dillərdə tərcüməsini, ümumiləşdirilməsini və yenidən yazılmasını avtomatlaşdırır, jurnalistlərə təhlil və kontekstə diqqət yetirmək imkanı verir. Üçüncü istiqamət kontentin həqiqiliyidir. Süni intellekt materialın mənşəyini - kim tərəfindən və nə vaxt yaradıldığını, original olduğunu və ya redaktə olunduğunu izləməyə imkan verir. Eyni zamanda, texnologiya özü də kontent yarada bilir ki, bu da insan tərəfindən diqqətli nəzarət tələb edir".

Onun sözlərinə görə, süni intellekt və jurnalistlərin peşəkar fəliyyəti redaksiyaların transformasiyasını təmin edir, media məhsullarının effektivliyini və keyfiyyətini artırır.

Son xəbərlər

Bütün Xəbər Lenti