Əhməd İsmayılov: Ölkədə sağlam informasiya mühitinin qorunması mühüm əhəmiyyət daşıyır

Media
  • 22 dekabr, 2025
  • 15:26
Əhməd İsmayılov: Ölkədə sağlam informasiya mühitinin qorunması mühüm əhəmiyyət daşıyır
Əhməd İsmayılov

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə sağlam informasiya mühitinin qorunması mühüm əhəmiyyət daşıyır.

"Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "Media Savadlılığı Konfransı"da deyib.

Onun sözlərinə görə, artıq dörd ildir ki, ilin son günlərində media savadlılığı mövzusu ətrafında sistemli, ardıcıl, həmrəy fəaliyyətin təşkili Azərbaycanda ənənəyə çevrilib:

"Rəqəmsallaşmanın sürətlə dərinləşdiyi, informasiya istehsalı və istehlakının miqyasının əhəmiyyətli dərəcədə artdığı bir dövrdə təhlükəsizlik, məsuliyyətlilik və etibarlılıq prinsiplərini özündə birləşdirən media savadlılığı anlayışı xüsusi aktuallıq kəsb edir. Bu yanaşma yalnız informasiya sahəsinin iştirakçıları üçün deyil, bütövlükdə cəmiyyət üçün mühüm dəyər və davranış modelini formalaşdırır".

İcraçı direktor vurğulayıb ki, milli mətbuatın zəngin tarixi irsi müasir dövrdə daha böyük məsuliyyət tələb edir:

"Rəqəmsal media mühitinin sürətlə genişlənməsi, informasiyanın operativliyinin çox zaman dəqiqlik meyarını üstələməsi, sosial media platformalarının ictimai rəyə təsir imkanlarının artması informasiya mübadiləsini kollektiv məsuliyyətə əsaslanan bir prosesə çevirir. Bu şəraitdə məlumatın mənbəyindən asılı olmayaraq onun düzgünlüyünün, obyektivliyinin və ictimai faydasının qorunması prioritet məsələ kimi ön plana çıxır".

İcraçı direkor qeyd edib ki, qlobal informasiya təhdidləri və yeni reallıqlar fonunda ölkənin informasiya mühitinin qorunması xüsusilə zəruridiri:

"Mövcud qlobal informasiya təhdidləri və yeni reallıqlar fonunda ölkəmizin informasiya mühitinin qorunması, vətəndaşların düzgün, etibarlı və obyektiv məlumata çıxışi mkanlarının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Media subyektlərinin cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə dolğun və məsuliyyətli şəkildə təmin etməsi sayəsində əhalinin media savadlılığının artırılması prosesi bir-birini tamamlayan və qarşılıqlı şəkildə gücləndirən mexanizmlər kimi çıxış edir. Xüsusilə, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi mövcud mərhələdə sağlam informasiya mühitinin qorunması, etik normalara riayət olunması və doğru məlumatların təşviqi strateji əhəmiyyət daşıyır".

Ə.İsmayılov əlavə edib ki, bu kontekstdə media savadlılığının gücləndirilməsi yalnız peşəkar jurnalistlərin deyil, eyni zamanda məlumat istehlakçısı olan geniş auditoriyanın da üzərinə düşən məsuliyyət kimi dəyərləndirilməlidir.

Son xəbərlər

Bütün Xəbər Lenti