BERNAMA: D-8 Media Mükəmməllik Mərkəzi innovasiya və tərəfdaşlıq platformasına çevriləcək
- 21 noyabr, 2025
- 12:27
D-8 Media Mükəmməllik Mərkəzi üzv ölkələr arasında media əməkdaşlığını dərinləşdirmək üçün platformaya çevrilə bilər.
"Report" xəbər verir ki, bunu Malayziyanın Milli Xəbər Agentliyinin (BERNAMA) baş direktoru Nur-ul Afida Kamaludin Bakıda "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda keçirilən D-8 Media Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, D-8 ölkələrini iqtisadi inkişaf, mədəni mübadilə və davamlı artım kimi ortaq məqsədlər birləşdirir:
"Media resurslarımızdan istifadə edərək ticarət, turizm, texnologiya və təhsil kimi müxtəlif sektorlarda əməkdaşlığı gücləndirə bilərik".
Kamaludin vurğulayıb ki, bu kontekstdə Malayziya D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təklifini müsbət qarşılayır.
Onun sözlərinə görə, bu mərkəz üzv ölkələr arasında media əməkdaşlığını dərinləşdirmək, onların kollektiv səsini gücləndirmək və D-8 dövlətlərinin dəyərlərini və imkanlarını əks etdirən məzmun mübadiləsini təmin etmək üçün platforma ola bilər.
"Qoy bu mərkəz innovasiya, təlim və transsərhəd tərəfdaşlıq məkanına çevrilsin. O, faktların yoxlanılması, etik və rəqəmsal jurnalistika, həmçinin məlumatlı və dayanıqlı informasiya məkanının formalaşdırılması üçün əsas vasitə olan storytelling (hekayə nəqli) kimi sahələrdə əməkdaşlığın inkişafına töhfə verə bilər", - BERNAMA-nın rəhbəri vurğulayıb.