Bakıda zərərli informasiyaya qarşı birgə mübarizə mövzusunda panel müzakirə keçirilib

Media
  • 01 may, 2026
  • 14:36
Bakıda zərərli informasiyaya qarşı birgə mübarizə mövzusunda panel müzakirə keçirilib

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum çərçivəsində "Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə" adlı panel sessiya keçirilib.

"Report" xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, vətərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova çıxışında rəqəmsal təhlükəsizlik məsələsinin təhsil sistemində bir komponentə çevrildiyini bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, bu yöndə sistemli layihələr artıq başlayıb, təhsil sistemində rəqəmsal savadlılıq üçün struktur yaradılıb:

"Ölkədə təxminən 4400 məktəbdən 2500-dən çoxu internetlə təmin edilib. Ümumtəhsil müəssisəsilərinin 90 faizdən çoxu internetlə təmin edilib".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov çıxışında qeyd edib ki, uşaqların müdafiəsi ilə bağlı Azərbaycanda 11 qurum çalışır:

"Bəzi risklər var ki, hökumət tək onun qarşısını ala bilmir. Bu, reallıqdır. Uşaqlar üçün sosial şəbəkələrdə risklər var. Bəzi ölkələr artıq bununla bağlı məhdudiyyətlər tətbiq etməyə başlayıb".

Dövlət Komitəsi rəsmisinin sözlərinə görə, qadınlara qarşı teleqram və digər sosial şəbəkələrdəki risklər yarandıqda, aidiyyəti qurumlar problemi birlikdə həll edir:

"Dövlət və ya beynəlxalq qurumlar arasında əməkdaşlıqla bağlı bölgü aparmalıyıq. Təhlükəsizlik məsələsi uşaqlara və qadınlara qarşı olmaqla bölünməlidir".

O, sözügedən məsələ ilə bağlı medianın fəaliyyətinə toxunaraq bildirib ki, gender əsaslı zorakılıq növlərindən çəkinmək lazımdır:

"Cinayət işi bitməyənədək ad, soyad, yetinlik yaşına çatmayan şəxs barəsində məlumatlarda diqqətli olmaq lazımdır. "Qadın oğru" kimi ifadələr işlədilən xəbər başlıqlarına rast gəlinir. Bu, diskriminasiyadır. Təəssüf ki, bəzi media orqanlarında bundan reklam vasitəsilə isttifadə edilir. Bizim üçün prioritet ailə, qadın və uşaqlardır".

O həmçinin qeyd edib ki, Azərbaycan dilində platformalar olduqca azdır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və təhqiqat sektorunun müdiri Esmira Qasımova vurğulayıb ki, müxtəlif sosial platformalarda uşaqlar, böyüklər kiberbullinqə məruz qala bilir:

"Buna qarşı ən güclü mübarizə isə maarifləndirmədir. İnsana texnologiya yox, insan hücum edir. Qurumlararası əməkdaşlıq önəmlidir, xüsusilə də media sahəsində. Burada ailə institutlarının da üzərinə böyük məsuliyyət düşür, onlar nəzarətçi, bələdçi olmalıdır".

Panel sual-cavabla davam etdirilib.