Bakıda keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Media Forumu başa çatıb
- 21 noyabr, 2025
- 16:30
Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda keçirilən Media Forumu başa çatıb.
"Report"un məlumatına görə, tədbir Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən təşkil edilib.
D-8-in Baş katibi İsiaka Abdulqadir İmam bildirib ki, Azərbaycan D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib və bu mərkəzi öz ərazisində yerləşdirməyə hazır olduğunu ifadə edib.
İdeya bütün spikerlər tərəfindən böyük həvəslə qarşılanıb - forum iştirakçıları media sahəsində əməkdaşlığı gücləndirmək və birgə layihələri inkişaf etdirmək istəyini vurğulayıblar.
Forumun işi "Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya" və "Strateji kommunikasiya və böhranın idarə olunması" mövzularında iki panel müzakirəsi ilə davam edib.
Forumun yekununda D-8 çərçivəsində media sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə Bakı bəyannaməsi qəbul edilib.
Media Forumu D-8 üzv ölkələrinin aidiyyəti qurumlarının rəhbərlərini, aparıcı media şirkətlərinin nümayəndələrini, həmçinin sahənin yüksək səviyyəli ekspertlərini bir araya gətirib. İştirakçılar regional və beynəlxalq informasiya mübadiləsinin genişləndirilməsini, media əməkdaşlığının inkişafını, dezinformasiya ilə mübarizə üçün birgə mexanizmlərin yaradılmasını, rəqəmsal layihələrin həyata keçirilməsini və təcrübə mübadiləsini müzakirə ediblər.
Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə 150-ə yaxın qonaq iştirak edib.