Azərbaycan jurnalistləri Daşkənddəki "TEXNOPARK" kompleksini ziyarət ediblər
- 19 avqust, 2026
- 10:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan jurnalistləri Daşkənddəki "TEXNOPARK" istehsalat kompleksində olublar.
"Report"un Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, səfər Özbəkistana mediatur çərçivəsində baş tutub.
Jurnalistlərə məişət texnikası, elektrotexnika məhsulları, tikinti materialları və sənaye avadanlıqları istehsalı sahələrində 20-yə yaxın sənaye layihəsini özündə birləşdirən, Mərkəzi Asiyanın ən böyük yüksək texnologiyalı istehsalat komplekslərindən birinin fəaliyyəti nümayiş etdirilib.
Kompleksin ərazisi 94 hektar təşkil edir ki, bunun da təxminən 50-si istehsal sahələridir, qalan ərazi isə yaşıl zonalar və inzibati binalar üçün ayrılıb. "TEXNOPARK" müəssisələrində 5,4 mindən çox iş yeri yaradılıb.
Azərbaycanın media nümayəndələri istehsal xətləri və məişət texnikasının istehsalı prosesləri ilə tanış olublar.
Xüsusilə kompleksin ərazisində "Samsung" brendi altında soyuducuların, həmçinin "Artel" və "Avalon" markalı məişət texnikasının istehsalı qurulub. Müəssisənin gücü ildə 1 milyona qədər soyuducu istehsal etməyə imkan verir, məhsulun təxminən 70 %-i ixrac üçün nəzərdə tutulub.
Jurnalistlər həmçinin paltaryuyan maşınların, kommersiya soyuducuları və dondurucularının istehsalı prosesi ilə də tanış olublar. Kompleksin müəssisələri təkcə Özbəkistanın daxili bazarının təmin edilməsinə deyil, həm də ixracın genişləndirilməsinə istiqamətlənib.
"TEXNOPARK"da ayrıca bir blok sənaye avadanlıqlarının istehsalı üzrə ixtisaslaşıb. Burada sənaye kondisionerləri və soyutma sistemləri, su nasosları və nasos stansiyaları, sənaye suqızdırıcı qazanları, günəş su qızdırıcıları və kollektorları, eləcə də digər avadanlıqlar istehsal olunur.
Kompleksin ərazisində İtaliyanın "Ferroli" brendinin sənaye qazanları da istehsal olunur. Müəssisədə gücü 92 kVt-dan 6 MVt-a qədər olan 25 qazan modelinin istehsalı həyata keçirilir. Bundan başqa, jurnalistlərə il ərzində günəşli günlərin sayının çox olması nəzərə alınmaqla Özbəkistan üçün xüsusilə aktual olan günəş su qızdırıcılarının və kollektorlarının istehsalı nümayiş etdirilib.
Mediatur iştirakçılarına mis boruların istehsalı barədə də məlumat verilib. "TEXNOPARK" nümayəndələrinin sözlərinə görə, istehsal zamanı katod misindən istifadə olunur, bütün sonrakı istehsal dövrü isə bilavasitə kompleksin ərazisində həyata keçirilir ki, bu da yüksək lokallaşdırma səviyyəsini təmin edir.
Hazırda "TEXNOPARK"ın məhsulları bir sıra ölkələrə, o cümlədən Belarus, Türkiyə, Rumıniya, Monqolustan, Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Ermənistan, Tacikistan, Qırğızıstan və Türkmənistana ixrac edilir.
Kompleksin gələcək inkişafı çərçivəsində avtomatlaşdırılmış logistika mərkəzinin yaradılması da planlaşdırılır.