Sərvinaz Eminova: Sərgidə nümayiş olunan rəsmlərimin heç birində süni intellektdən istifadə edilməyib

Mədəniyyət
  • 15 avqust, 2026
  • 13:23
Sərvinaz Eminova: Sərgidə nümayiş olunan rəsmlərimin heç birində süni intellektdən istifadə edilməyib

Sərgidə nümayiş olunan rəsmlərin heç birində süni intellektdən istifadə edilməyib, hər biri əllə çəkilib.

Bunu "Report"a açıqlamasında fərdi sərgisi keçirilən "Buludlar" layihəsinin yaradıcısı və müəllifi Sərvinaz Eminova deyib.

Onun sözlərinə görə, dünyada bu tərzdə yaradıcılıqla məşğul olan cəmi 4 nəfər var:

"Onların ən məşhuru İrlandiyadan olan rəssamdır. İnanıram ki, mən də bu tərzdə işləyən məşhurlardan biri və birincisi olacağam. Əslində, bu istiqamət yaradıcılığın bir qoludur və hələ ki dünyada çox yayılmayıb. Azərbaycanda isə bununla məşğul olan yeganə şəxs mənəm".

Layihə müəllifi qeyd edib ki, yaxınlarının təkidi ilə bir dəfə süni intellektə müraciət etsə də, nəticə istədiyi kimi alınmayıb:

"Mən üç ildir bu layihə üzərində işləyirəm. Layihənin əsas məqsədindən biri budur ki, rəqəmsallaşan dünyada telefondan ayrılıb bir az da səmaya baxaq, təbiətlə bağımızı yenidən bərpa edək, uşaqlıqdan içimizdə olan xəyalpərəst yaradıcı tərəfimizi kəşf edək. Bu gün ilk sərgim baş tutub. Bundan öncə bir neçə görüş, uşaqlar üçün "workshop"lar təşkil edilib. Bir neçə tanışımın təkidi ilə üç ildə ilk dəfə rəsm əsərlərimdə süni intellektə müraciət etdim. Amma o, insanın gördüyünü və yaratdığını edə bilmədi. Mən bütün rəsmlərimi özüm çəkirəm. Sadəcə, səmada olan real buludun telefonla, yaxud aparatla fotosu çəkilir, mənə göndərilir. Mən də onun əsasında gördüyümü əllə çəkirəm".

S.Eminova sərgidə müxtəlif ölkələrdən olan buludların yer aldığını vurğulayıb:

"Hazırda sərgidə Bakıdan, Almaniyadan, Albaniyadan, Hindistandan, Cənubi Afrikadan, Braziliyadan, İrandan olan bulud fotoları var. Mən öz əl işlərimi sosial şəbəkədə paylaşıram. Beləcə, dünyanın müxtəlif yerlərindən izləyicilərim mənə olduqları ərazilərdəki buludları çəkib göndərirlər. Mən də onu həmin ölkədən gələn bir bulud suveniri kimi qəbul edirəm. Bu, mənə çox xoş olur. Sonra mən onların göndərdiyi buludların üzərində gördüyümü çəkirəm".

Layihə rəhbəri hər insanın bulud üzərində fərqli mənzərəni gördüyünü və bunun psixologiya ilə əlaqəli olduğunu qeyd edib:

"Bir ara bunu çağırış kimi etmişdim. Məsələn, bir bulud şəkli çəkilirdi və mən onun üzərində nə çəkəcəyimi artıq bilirdim. Həmin şəkli sosial şəbəkədə paylaşırdım və izləyicilərdən soruşurdum ki, "Siz burada nə görürsünüz?" İnsanlar o qədər fərqli şeylər görürdülər ki... Ona görə məndə belə bir ideya yarandı ki, insan buluda baxıb orada nəyisə görəndə, əslində, öz daxilini ifadə edir. Hamı burada eyni şeyi görmür. Bir maraqlı məqam da var ki, mənə hansısa tanışım bulud fotosu göndəribsə, həmin buludun üzərində nəsə çəkəndə, nədənsə, həmin insanla bağlı ağlımda bir şey yaranırdı və bunu buludun üzərinə əks etdirirdim. Ona görə bunu psixologiya ilə əlaqələndirirdim".

S.Eminova uşaqlar üçün yazdığı kitabının artıq çapa hazırlandığını da deyib:

"Uşaqlar üçün yazdığım "Pampuşun səyahəti" kitabım hazırda çapa hazırlanır. Burada buludun səyahətindən bəhs ediləcək. Kitabın üzərində bir il yarıma yaxındır işləyirəm. Kitabda Pampuşun dili ilə uşaqların öz hisslərini anlamalarına, özlərini olduğu kimi qəbul etmələrinə, hər şeydə öyrənməli, kəşf etməli bir şey olduğunu görmələrinə kömək edən kiçik mesajlar yer alır".

44 filmi