Məşhur italyan şef-aşpaz Bakıda ustad dərsi keçib

Mədəniyyət
  • 15 oktyabr, 2025
  • 15:38
Məşhur italyan şef-aşpaz Bakıda ustad dərsi keçib

Berqamodakı üç "Michelin" ulduzlu "Da Vittorio" restoranının məşhur italiyalı şef-aşpazı Roberto Çerrea Bakıda maraqlı bir ustad dərsi keçib.

"Report"un məlumatına görə, tədbir bu il oktyabrın 14-dən 20-dək keçirilən İtaliya Mətbəxi Həftəsi çərçivəsində baş tutub.

İtaliya qastronomiyasını nümayiş etdirmək üçün şef R.Çerrea ilk baxışdan sadə, lakin İtaliya üçün dərin rəmzi məna daşıyan bir yeməyi – "paccheri pomodoro"nu seçib.

"Paccheri pomodoro" parlaq və zəngin pomidor sousu ilə hazırlanmış pastadır. "Paccheri" – böyük, hamar borulu makaron olub, "al-dente" vəziyyətinə qədər qaynadılır və təzə pomidordan hazırlanmış sousla birləşdirilir, üzərinə reyhan vurulur və rəndələnmiş parmezan səpilir.

Yeməyin xüsusiyyəti təkcə hər bir İtaliya mətbəxində tapılan inqrediyentlərdə deyil, həm də onun adətən olduğu kimi çəngəllə yox, qaşıqla yeyilməsindədir. İtalyanlar üçün bu sadəcə yemək deyil – uşaqlıqdakı dad, evlərin mətbəxinin və ailə süfrələrinin bir xatirəsidir.

Şef Çerrea qeyd edib ki, bu yeməyin seçilməsi təsadüfi deyil: "Paccheri pomodoro" – sadəlik və səmimiyyətin vəhdətidir, uşaqlığın ən isti xatirələrinə qaytaran bir yeməkdir".

Bundan əlavə, Roberto Çerrea bir sıra digər tədbirlərdə iştirak edəcək və AzTV-də kulinariya şousunda canlı yayıma çıxaraq, tamaşaçılara öz ustalığını nümayiş etdirəcək.

İtaliya Mətbəxi Həftəsi geniş auditoriyaya bu ölkənin mədəni irsi ilə tanış olmağa imkan yaradır. Bu irsin mühüm hissəsi kulinariya sənətidir.

Qeyd edək ki, həftə, Azərbaycandakı İtaliya səfirliyi və Bakıdakı İtaliya Ticarət Agentliyinin (ITA) dəstəyi ilə keçirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti