Taner Beyoğlu: Türk mədəni irsinin qorunmasında milli kitabxanaların üzərinə mühüm vəzifələr düşür
- 02 iyul, 2026
- 11:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Türk dünyasını təşkil edən bütün ölkələrin milli kitabxanalarının qarşısında türk dünyasının ortaq irsinin, ortaq mədəniyyətinin və yaddaşının əvvəlcə qorunması, sonra isə zənginləşdirilməsi, genişləndirilməsi və gələcək nəsillərə ötürülməsi ilə bağlı çox mühüm vəzifələr dayanır.
"Report" xəbər verir ki, bunu Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, Milli Kitabxana və Nəşrlər idarəsinin Baş direktoru Taner Beyoğlu Bakıda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu vəzifələri bir daha müzakirə etmək, fikir mübadiləsi aparmaq və türk dünyasının milli kitabxanaları arasında artıq sistemli xarakter almış güclü əməkdaşlığı daha da möhkəmləndirmək üçün müxtəlif ölkələr Bakıda bir araya gəlib:
"Bu çərçivədə informasiya mübadiləsi, təcrübə paylaşımı, milli kitabxanalarımız arasında həyata keçirilə biləcək ortaq layihələr, birgə mədəni və incəsənət tədbirləri kimi məsələləri də müzakirə edəcəyik".
T.Beyoğlu mədəni irsin gələcək nəsillərə ötürülməsində milli kitabxanaların rolundan danışıb:
"Böyük türk ailəsinin zəngin və qüdrətli mədəni irsinin gələcək nəsillərə ötürülməsində milli kitabxanaların üzərinə mühüm vəzifələr düşür. Bu məsələləri də bu görüş çərçivəsində dəyərləndirəcək, birliyimizi, həmrəyliyimizi və əməkdaşlığımızı daha da gücləndirmək üçün müzakirələr aparacağıq".