Qərbi Azərbaycanın mədəni irsini əks etdirən yeni sənət nümunələri təqdim olunub
- 22 dekabr, 2025
- 21:31
Qərbi Azərbaycan İcması və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən "Böyük yola davam" adlı konfrans şərçivəsində "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyi Qərbi Azərbaycanın zəngin mədəni irsini tərənnüm edən dekorativ tətbiqi sənət nümunələrini nümayiş etdirib.
İctimai Birliyin sədri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı "Report"a bildirib ki, "İrəvan minarələri" və "Urudun çərxi vəhdəti" adlı əsərləri ilk dəfə ictimaiyyətə təqdim olunub.
L.Sərdarlı qeyd edib ki, bu iki yeni əsərin yaradıcısı Azərbaycan Rəssamlar İttifaqının üzvü, BDU-nun tətbiqi riyaziyyat fakültəsinin məzunu, hazırda Türkiyənin Topqapı Universitetinin magistraturasında tətbiqi sənət üzrə təhsilini davam etdirən Toğrul Sərdarlıdır.
Məlumat üçün bildirək ki, Sərdarlı ailəsinin Qərbi Azərbaycanın vaxtilə yer üzündən silinmiş tarixi memarlıq abidələrini, toponim, yer adlarıni xarakterizə edən elementlərlə təsvir olunan sənət nümunələri bu il İstanbulda Avrasiya İqtisadi Zirvəsində, Mərmərə Qrupu Vəqfinin 40 illik yubileyində, Almaniyadakı Türk Tarixi və Mədəniyyətləri Muzeyində, Nürnberq Obyektiv Kültür Mərkəzində, Bakıda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin QHT-lərinin ilk Həmrəylik Forumunda, İslam Əməkdaşlığı Təşkilatının Mədəniyyət Festivalı, Bakı Mədəniyyət Həftəsi 2025-də geniş ictimaiyyətə təqdim olunub.