Parisdə Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Baninin 120 illiyi qeyd olunub

Mədəniyyət siyasəti
  • 12 dekabr, 2025
  • 02:16
Parisdə Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Baninin 120 illiyi qeyd olunub

Fransanın paytaxtı Parisdə Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Ümmülbanu Əsədullayevanın (Banin) anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilib.

"Report"un yerli bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Yeni Sorbon Universitetinin professoru Aleksandr Stroev, dünya ədəbiyyatının görkəmli simalarından olan Lev Tolstoyun nəticəsi Maksim Marduxayev, fransalı alimlər, jurnalistlər, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səfir Leyla Abdullayeva çıxışı zamanı Baninin mühacirət həyatı, onun Fransa ədəbi mühitində keçdiyi çətin və məhsuldar yaradıcılıq yolu, xüsusilə də Azərbaycan qadınlarının ədəbiyyat tarixində tutduğu yeri möhkəmləndirməkdəki rolu barədə geniş məlumat verib.

Tədbirdə çıxış edən tədqiqatçı alimlər Baninin Fransa elitası arasında qazandığı xüsusi mövqedən, onun intellektual çevrələrdə yaratdığı dərin hörmətdən söz açıblar.

Daha sonra tədbirdə Hüseyn Cavadzadənin müəllifliyi ilə ərsəyə gəlmiş, yazıçının həyat və yaradıcılıq yoluna həsr edilmiş sənədli film nümayiş etdirilib.

Tədbir çərçivəsində Baninə məxsus şəxsi əşya və fotoların nümayiş olunduğu xüsusi sərgi də təşkil edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti