Moskvada Azərbaycanın mədəniyyəti təqdim olunub
- 30 yanvar, 2026
- 16:38
Azərbaycanın Rusiyadakı səfirliyində "Azərbaycan – min rəngin ölkəsi" adlı mədəni tədbir keçirilib.
"Report"un Rusiya bürosunun məlumatına görə, tədbir səfirliyin təşkilatçılığı və Moskvada fəaliyyət göstərən Beynəlxalq Qadınlar Klubunun dəstəyi ilə baş tutub.
Mərasimdə Moskvada akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəlik rəhbərlərinin ailə üzvləri, beynəlxalq diplomatik korpusun nümayəndələri və ictimai təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev proqramın milli geyimlərin nümayişi, musiqi və rəqs nömrələri, eləcə də Azərbaycan mətbəxinin təqdimatını əhatə etdiyini bildirib. Diplomat vurğulayıb ki, təqdim olunan milli geyimlər ölkənin müxtəlif regionlarını təmsil edir və Azərbaycanın zəngin mədəni müxtəlifliyini əks etdirir.
Polşanın Rusiyadakı səfirinin xanımı Aldona Krayevska çıxışında Azərbaycanın Moskvadakı səfirliyinin onun üçün xüsusi məna daşıdığını bildirib. O, diplomatik fəaliyyəti dövründə ailəsi ilə birlikdə Azərbaycanda beş il yaşadığını və bu ölkəyə hər səfərinin doğma məkana dönüş kimi hiss olunduğunu qeyd edib.