Mədəniyyət Nazirliyi aktyorun ittihamlarına cavab verib
- 04 noyabr, 2022
- 11:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Mədəniyyət Nazirliyi aktyor Hikmət Rəhimovun yaradıcı adamların festivallara dəvət olunmasında ayrıseçkiliyə yol verilməsi ilə bağlı ittihamlarını cavablandırıb.
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Bakı Beynəlxalq Qısa Film Festivalını Gənc Kinematoqrafçılar İctimai Birliyi keçirir.
"Festivalın proqramının tərtib olunmasının və digər təşkilati işlərin nazirliyə heç bir aidiyyəti yoxdur", - qurumdan qeyd olunub.
Aktyor Türkiyənin Bursa şəhərində keçirilən "Korkut Ata" film festivalında iştirak edən "Həyat deyəsən gözəldir" filminin nümayişinə də çağırılmayıb. H.Rəhimov buna nazirliyin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənovun mane olduğu söyləyib. Mədəniyyət Nazirliyindən isə bildirilib ki, festival Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir: “Qonaqlar qardaş ölkənin sözügedən qurumu tərəfindən dəvət olunurlar”.
Qeyd edək ki, noyabr ayının 11-də Nizami Kino Mərkəzində "Baku International Short Film Festivalı"nın açılışında H.Rəhimovun ssenari müəllifi və rejissoru olduğu "Çılpaq" filmi də nümayiş etdirilməliymiş. Lakin sonradan nümayiş ləğv olunub. Aktyor bundan narazı qalıb.