Bakıda "Mədəni irs və qayıdış hüququ" mövzusunda beynəlxalq konfrans keçirilib - YENİLƏNİB
- 05 dekabr, 2025
- 15:51
Qərbi Azərbaycan İcmasının (QAİ) təşkilatçılığı ilə "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III beynəlxalq konfrans keçirilib.
"Report" xəbər verir ki, konfransda dünyanın 60-dan çox ölkəsini təmsil edən 100-ə yaxın qonaq, Azərbaycandan 100-dən çox ekspert, alim, ictimai xadim və dövlət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.
Konfransın açılışında Qərbi Azərbaycan İcmasının ölkədaxili və beynəlxalq fəaliyyətindən, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə həssas münasibətindən bəhs edən film nümayiş etdirilib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı və Qayıdış üzrə Təşəbbüs Qrupunun sədri Əziz Ələkbərli İcmanın əsas missiyasının 200 ildən artıq müddətdə mərhələ-mərhələ Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıdış hüququnu təmini etmək olduğunu bildirilib.
İcma sədri beynəlxalq ictimaiyyəti bu prosesə dəstək verməyə çağırıb.
Xarici qonaqlar adından Türkiyə Böyük Millət Məclisinin üzvü, Qərbi Azərbaycan İcmasının Fəxri üzvü Şamil Ayrım Qərbi azərbaycanlıların yaşadığı deportasiyaların insanlığa qarşı törədilmiş ağır cinayət, regionda balansı pozmuş tarixi ədalətsizlik olduğunu bildirib.
Açılış sessiyasından sonra Türkiyə, ABŞ, Cənubi Afrika Respublikası, İtaliya, Litva və Misiri təmsil edən, Qərbi Azərbaycan məsələsinə böyük dəstəyini göstərən yeddi şəxsə QAİ-nin fəxri üzvlük sertifikatları təqdim olunub.
İlk panel Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə konfransın qayıdış hüququnun hüquqi və mənəvi əsaslarının təhlilinə həsr olunub.
Böyük Britaniyadan Klaus-Peter Ralf Juergens moderatorluq etdiyi maddi irsin qorunması məsələlərinə həsr edilmiş ikinci paneldə çıxış edən iştirakçılar Ermənistan ərazisində Azərbaycan irsinə qarşı aparılmış dağıdıcılığın hüquqi qiymətləndirilməsi və bərpa imkanları barədə fikirlərini bölüşdülər.
Polşadan AVIM təmsilçisi Jakub Koreybanın moderatorluq etdiyi "Qeyri-maddi irs - aşıq sənəti, musiqi, folklor, şifahi yaddaş, mədəni ənənələr" mövzusuna həsr edilən üçüncü paneldə çıxış edənlər isə mədəniyyətin qaçqınlığa məruz qalmış icmaların kimliyini qorumaqda rolunu və Qərbi Azərbaycan irsinin dünyaya tanıdılması yollarını vurğulayıblar.
ABŞ-nin Qrinsboro Universitetindən professoru Ali Kaan Askerin moderatorluq etdiyi beynəlxalq əməkdaşlığa həsr olunmuş sonuncu paneldə isə qayıdış hüququnun müdafiəsində qlobal həmrəyliyin gücləndirilməsi, təşkilatlararası əməkdaşlığın genişləndirilməsi və beynəlxalq hüquqi alətlərin effektiv tətbiqindən danışıblar.
Sonda Beynəlxalq Final Universitetinin professoru, Qərbi Azərbaycan İcmasının fəxri üzvü Hüseyin Işıksal konfransın yekun sənədini səsləndirib.
Bakıda "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III beynəlxalq konfrans öz işinə başlayıb.
"Report" xəbər verir ki, tədbir Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Gülüstan Sarayında keçirilir.