Azərbaycanın multikulturalizm dəyəri Belçikada - FOTOREPORTAJ
- 24 aprel, 2026
- 02:04
Azərbaycanda multikulturalizm sadəcə mücərrəd bir fikir deyil, cəmiyyətdə kök salmış, dövlət səviyyəsində dəstəklənən və dəstəklənməkdə davam edən canlı reallıqdır.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Azərbaycanın Belçikadakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov "Azərbaycanın rəngləri: Multikulturalizm ölkəsi" adlı fotosərginin açılışında bildirib.
"Coğrafiyamız tariximizi formalaşdırsa da, xalqımız kimliyimizi formalaşdırıb. Birgə yaşama, multikulturalizm, qarşılıqlı hörmət və qlobalizm üzərində qurulmuş kimlik", - deyə o əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələri sülh və harmoniya şəraitində birgə yaşayır, məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir.
Brüsseldəki "Kral Qalliya Klubu"nda keçirilən sərgidə təqdim olunan əsərlərin müəllifi fotoqraf Etibar Cəfərov əsərlərin ərsəyə gəlməsi haqqında danışıb. Brüssel Azad Universitetinin professoru Filipp Hambl və politoloq Mişel İvor Azərbaycana səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər.