Azərbaycanın İslam dövrü tarixi-arxeoloji və mədəni irsi müzakirə olunub

Mədəniyyət siyasəti
  • 29 oktyabr, 2025
  • 16:31
Azərbaycanın İslam dövrü tarixi-arxeoloji və mədəni irsi müzakirə olunub

"Azərbaycanın İslam dövrü qəbiristanlıqları: tarixi-arxeoloji və mədəni irs perspektivləri" mövzusunda dəyirmi masa keçirilib.

"Report" xəbər verir ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə baş tutub.

İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov tədbirdəki çıxışında bildirib ki, Azərbaycan xalqının tarixi mənəvi və maddi irsinin tutarlı bir hissəsini İslam dövrü abidələri təşkil edir:

"SSRİ dövründə müəyyən ideoloji doqmalardan irəli gələrək, diqqətdən kənarda qalan milli-dini dəyərlərimizdən biri də məhz qəbir abidələrimiz idi. Son iki yüz il ərzində erməni millətçiləri ərazi iddialarını məhz Qarabağ və Qərbi Azərbaycan ərazisindəki azərbaycanlılara məxsus abidələrin məhv edilməsi və saxtakarlıqla "erməniləşdirilməsi" ilə əsaslandırmağa çalışıblar. Buna görə belə məsələlərdə diqqətli olmaq lazımdır. Mədəniyyət Nazirliyinin və AMEA Arxeologiya və Antropologiya İnstitutu alimlərinin bu məsələlərin aşkara çıxarılmasında böyük rolu var".

AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, dosent Fərhad Quliyev qeyd edib ki, son 4 ildə İnstitutun əsas tədqiqat istiqaməti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurla bağlıdır:

"Aparılan tədqiqatlar göstərir ki, düşmənin bizə olan nifrəti dini abidələrimizə qarşı vandalizmdə də öz əksini tapıb. İslam dövrü Azərbaycan tarixində, xalqımızın mənəvi və mədəni genezisində mühüm bir dönəmi əhatə edir. İnstitutumuzda artıq İslam dövrü arxeologiyası şöbəsi də fəaliyyət göstərir. İslam dövrü qəbiristanlıqları bizim mədəni və genetik kimliyimizdir. Qəbir abidələri bir çox istiqamətdə tədqiqatlar üçün nəhəng informasiya daşıyıcılarıdır".

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, professor Səbinə Hacıyeva çıxışında tarixi qəbiristanlıqlarda tədqiqatların aparılmasına ciddi ehtiyac olduğunu vurğulayıb:

"Hazırda daşınmaz abidələrin siyahısında 136 tarixi qəbiristanlıq var. 2021-ci ildən keçirdiyimiz monitorinqlər nəticəsində xeyli tarixi qəbiristanlıq aşkar edilib. Çox sevindirici haldır ki, arxeoloqlar, memarlar və ilahiyyatçılar bu məsələləri birlikdə müzakirə edirlər".

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov aparılmış monitorinqlərin nəticələrindən danışaraq bildirib ki, işğalçılar abidələrə münasibətdə bir neçə istiqamətdə öz vəhşi xislətlərini göstəriblər:

"Abidələr ya məhv edilir, ya "erməniləşdirilir", bu da alınmayanda işğalçılar abidələrimizi özgələşdirirdilər. Yəni İslam dövrü abidələrini məhv edə bilmədikdə, onları başqa ölkələrin abidəsi kimi təqdim edirdilər".

Daha sonra tədqiqatçı alimlərin mövzu ilə əlaqədar məruzələri dinlənilib və onların ətrafında diskussiya aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti