Azərbaycanda sərdabə qəbir ənənəsi: Gəncə bu sahədə necə seçilir?
- 11 aprel, 2026
- 12:39
Azərbaycanın bütün ərazisində müxtəlif tarixi dövrlərə aid fərqli qəbir tipləri mövcuddur. Bu sırada Gəncə və ətraf rayonlarda geniş yayılmış orta əsirlərə aid sərdabə tipli qəbir formaları xüsusilə seçilir. Eyni zamanda, şəhərdəki qəbiristanlıqlarda yeni tikilmiş sərdabələr də az deyil. Qədim sərdabə qəbirlərinə əsasən Gəncənin "İmamzadə" Dini Kompleksinin ərazisində və şəhərin mərkəzində yerləşən qədim "Səbiskar" qəbiristanlığında rast gəlinir.
Gəncə Dövlət Universitetinin (GDU) dosenti, tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadə bu mövzuda "Report"un Qərb bürosunun əməkdaşı ilə söhbətində qeyd edib ki, sərdabələrin iki - yeraltı və yerüstü qəbir tipləri olur. Bununla belə, sərdabələrin hər iki formasında qəbirin kənarında xüsusi qapı qoyulur, ailədə yeni ölüm halı olduqda bu qapı açılır və mərhumun nəşi qəbirə yerləşdirilir:
"Azərbaycanda ən çox sərdabə qəbirlərinin qorunub saxlandığı, bu ənənənin hazırda da yaşadıldığı yeganə bölgə məhz Gəncə şəhəri və Gəncəbasar zonasıdır. Sərdabələr vaxtilə cəmiyyətdə sosial status baxımından xüsusi mövqe tutan ailə və nəsillər üçün hazırlanırdı. Sərdabə qəbir tipləri öz quruluşuna görə qədim kurqanlara, qədim türk qəbir tiplərinə bənzəyir. Sərdabələrdə adətən çoxsaylı kameralar mövcud olur və vəfat etmiş insanların cənazələri həmin kameralara qoyulmaqla dəfn mərasimi başa çatmış hesab edilirdi. Lakin bu ənənə İslam dini qaydalarına uyğun olmadığı üçün sonralar sərdabələrdə artıq kəfənlənmiş cənazələr dəfn edilib. XIX-XX əsrlərdən etibarən, vəfat etmiş şəxslərin nəşi sərdabələrdə torpağa tapşırılır".
Alimin sözlərinə görə, bəzi hallarda sərdabələr həm də cənazələrin müvəqqəti saxlanma funksiyasını yerinə yetirib:
"Qeyd edək ki, sərdabə sözü zirzəmi, yeraltı otaq mənasında işlədilir. Həmçinin daxilində bir və ya bir neçə məzarın olduğu memarlıq nümunəsi anlamındadır. Bu da əsassız deyil. Çünki bəzi sərdabələr həqiqətən, saxlanma yeri kimi istifadə olunub. Yəni müəyyən insanı vəsiyyətinə uyğun yerdə dəfn etməzdən əvvəl onun cənazəsi məhz sərdabələrdə saxlanılıb".
"İmamzadə" ziyarətgahının axundu İlham Abbasov isə deyib ki, sərdabələrdən vəfat etmiş insanların nəşinin əmanət olaraq qoyulduğu, zəruri hallarda oradan çıxarıla biləcək məkan kimi də istifadə olunub:
"Ötən dövrlərdə Gəncənin və indiki Qərb bölgəsinin bir sıra nüfuzlu adamları İslamda müqəddəs sayılan şəxslərin məzarlarının yaxınlığında basdırılmaları üçün Kərbəla, Nəcəf və başqa şəhərlərdə dəfn olunmalarını vəsiyyət edərmişlər. Həmin şəxslərin nəşləri ilkin olaraq sərdabələrdə dəfn edilirmiş ki, sonra imkan olanda onların vəsiyyəti yerinə yetirilsin".
Axund onu da bildirib ki, hazırda sərdabədə dəfn olunan şəxsin nəşi mütləq şəkildə torpağa tapşırılır:
"Vəfat etmiş insanın nəşi həm İslam qaydaları, həm də tibbi baxımdan mütləq torpağa dəfn edilməlidir. Yəni sərdabənin qapağı açılır və mərhumun nəşi orada torpağa tapşırılır. Gəncədəki sərdabələrdə heç bir halda dəfn edilməmiş cənazə saxlanılmır".
Qeyd edək ki, bölgədəki ən qədim sərdabələr "İmamzadə" Dini Kompleksinin ərazisində yerləşir. Oradakı sərdabələrin yaşı 500 ildən çoxdur.