Azərbaycanda III "Avropa Təamları" Kulinariya Festivalı keçirilir

Mədəniyyət siyasəti
  • 11 oktyabr, 2025
  • 14:04
Azərbaycanda III Avropa Təamları Kulinariya Festivalı keçirilir

Azərbaycanda III "Avropa Təamları" Kulinariya Festivalı keçirilir.

"Report" xəbər verir ki, tədbir Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və quruma üzv dövlətlərin səfirlikləri ilə birgə Avropa Oyunlar Parkında təşkil edilib.

Aİ-nin müvəqqəti işlər vəkili Gediminas Varanaviçius festivalda açılış nitqi ilə çıxış edərək bu il tədbirə Ukraynanı xüsusi qonaq qismində dəvət etməkdən mənunluq duyduqlarını bildirib:

"Xaricdən Azərbaycana gələn qonaqlar Azərbaycanın kulinariyasından çox məmnun qalırlar. Bu festivalda həmçinin kənd təsərrüfatını, xüsusilə də Lənkəran-Astara iqtisadi bölgəsində meyvə-tərəvəz sektorunu dəstəkləyən Avropa İttifaqı layihəsinin üç benefisiarının stendi var. Layihənin dəyəri 25 milyon manat təşkil edir. Təxminən 4 min fermer məhsuldarlığın artırılması məqsədilə layihədən faydalanıb, təxminən 30 istehsalçı qrupu traktorlar, kotanlar, kultivatorlar, gübrə səpənlər, soyuducu anbarlar və kartof əkən avadanlıqlar kimi yeni kənd təsərrüfatı texnikaları əldə edib. 7 yeni brend yaradılıb və onlardan ikisi - 100 kq kartofla Sahib Qurbanov və 60 kq alma ilə Məhərrəməli Zeynalov bu gün bizimlə buradadır".

Qeyd edək ki, açıq havada keçirilən bu tədbirin məqsədi Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə nümayiş etdirməkdir.

Festivalda Belçika, Fransa, Yunanıstan, Litva, Polşa, Slovakiya, İspaniya, İsveç və Ukrayna səfirlikləri qonaqları öz ölkələrinin mətbəxi ilə tanış edirlər.

Aİ Nümayəndəliyinin stendində tanınmış qida blogerləri Elmira Qədirova və Nəzakət Cəfərovanın iştirakı ilə ustad dərsləri nümayiş etdirilir.

Həmçinin müvəqqəti işlər vəkilinin də qeyd etdiyi kimi, yerli fermerlər Aİ layihəsinin dəstəyi ilə ərsəyə gətirdikləri orqanik ərzaq məhsullarını satışa çıxarıblar.

Tədbir zamanı viktorinaların qaliblərinə digər mükafatlarla yanaşı, Aİ Nümayəndəliyi tərəfindən nəşr edilmiş və quruma 27 üzv ölkədən Azərbaycan dilinə tərcümə edilmiş ənənəvi reseptlər toplusundan ibarət "Avropa Təamları" kitabını da əldə etmək imkanı yaradılıb.

Kitabı həmçinin Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin vebsəhifəsindən elektron formada əldə etmək mümkündür.

Son xəbərlər

Bütün Xəbər Lenti