Azərbaycan və Bolqarıstan sualtı arxeoloji irsin araşdırılması üzrə birgə ekspedisiya apara bilər
- 30 sentyabr, 2025
- 16:26

İspaniyanın Barselona şəhərində səfərdə olan Azərbaycan mədəniyyət naziri Adil Kərimli UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı çərçivəsində Bolqarıstanın mədəniyyət naziri Marian Başev ilə görüşüb.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Adil Kərimli son illərdə ölkədə xarici kino istehsalçıları üçün yaradılan şərait və "Rebate" proqramı haqqında məlumat verib.
Görüşdə tərəflər kino istehsalı, qeyri-maddi mədəni irs, eləcə də sualtı arxeoloji irsin araşdırılması üzrə birgə ekspedisiyalar barədə fikir mübadiləsi aparıblar.
Eyni zamanda, bu ilin noyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək UNESCO-nun növbəti Baş Konfransı çərçivəsində gündəlikdə duran məsələlər barədə müzakirələrin davam etdirilməsi qərara alınıb.