“Anadolunun qapılarını türklərin üzünə əbədi açan son döyüş” - REPORTAJ

Mədəniyyət siyasəti
  • 21 noyabr, 2022
  • 13:31
“Anadolunun qapılarını türklərin üzünə əbədi açan son döyüş” -  REPORTAJ

Nefti olmayan, inkişaf etməkdə olan bir sıra ölkələrdə olduğu kimi, Türkiyədə də turizm iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi sayılır.

Odur ki, qardaş ölkədə bu xidmət sahəsinin inkişaf etdirilməsi, turistik məkanların dünyada tanıdılması diqqət mərkəzində saxlanılır, bunun üçün proqramlar və layihələr həyata keçirilir.

Bu işlər çərçivəsində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi xarici jurnalistləri ölkəyə dəvət edir, onların gəzdikləri yerlərdən maraqlı reportajlar hazırlaması üçün dolğun məlumatlarla təmin edilməsinə xüsusi diqqət yetirir. Bu isə Türkiyədə turizm siyasətinin bir hissəsi, ölkəyə turist cəlb etməkdə mühüm addımlardan hesab olunur. Azərbaycanlı jurnalistlərin qardaş ölkəyə son səfəri də məhz bu qəbildəndir. Bu dəfəki səfər Türkiyənin Şərqi Anadolu Bölgəsinə baş tutub.

“Report”un əməkdaşı sözügedən səfərdən reportajını təqdim edir:

Erkən dövrlərdən əhəmiyyətli səyahət marşrutlarından biri sayılan qədim Anadolu torpaqlarında yerləşən Muş şəhəri türklərin tarixində xüsusi yer tutur. Belə ki, “Anadolunun qapılarını türklərin üzünə əbədi açan son döyüş” kimi tarixə düşmüş Malazgirt döyüşünün olduğu Malazgirt düzü burada yerləşir. Şəhərə daxil olan kimi qədim tarixi abidələr, məscidlər diqqəti cəlb edir. Burada hər küncdə, hər bucaqda qədimlik hiss olunur.

Muş laləsi və üzümü ilə məşhurdur. Burada təbii şəkildə bitən və endemik bitki növü olan lalə havaların istiləşməsi ilə çiçəkləyir. Gözoxşayan mənzərəni görmək ilin sadəcə 15 günündə mümkündür. Həm xarici, həm də yerli turistlər təbiətin bu gözəlliyindən zövq almaq üçün Muş düzünə üz tuturlar.

Muşun üzümünə gəlincə isə bələdçimiz Ramazan bəy deyir ki, Avropanın bir sıra ölkələrində hazırlanan ən bahalı və dadlı çaxırların xammalı məhz burada yetişən üzümdür. Onu da bildirək ki, şəhərin simvolları hesab olunan lalə və üzümə bəzi yerlərdə heykəllər qoyulub.

Muşda ilk ziyarət yerimiz şəhərin qədim məscidləri olur. Bunlardan birinin həyətində Şeyx Məhəmməd-i Mağribi dəfn olunub. Onun inşa etdirdiyi “Ulu Cami” Alaeddin bəy və Hacı Şərəf məscidlərinin qərbindədir. Memarlıq xüsusiyyətlərinə görə 14-cü əsrin ikinci yarısına aid edilən məscid düzbucaqlı formadadır. Qərb divarından başqa digər divarlarda iki pəncərə var. Məscidin minarəsi zəlzələdən sonra dağıldığı üçün 1968-ci və 1972-ci illərdə orijinalına uyğun təmir edilib.

Yolumuzu “Hacı Şərəf” məscidindən də salırıq. Məscid 17-ci əsrdə tikilib və onun əsas məkanı kvadrat planlı olub, ortası iri, kənarları isə alçaq günbəzlərlə örtülüb, düz mehrabı dairəvi tağ və taxça formasındadır. Daha sonra məscidə əlavə edilən minarə 1902-ci ildə, sonuncu camaat yeri isə 1997-ci ildə tikilib.

Üçüncü və sonuncu ziyarət yerimiz isə “Əlaəddin bəy” (Paşa) məscidi olub. Onu 18-ci əsrin əvvəllərində şəhər valisi Əlaəddin bəy tikdirib. Ortada iri günbəzlərlə, kənarlarda isə kiçik günbəzlərlə örtülmüş əsas məkan kvadrat planlıdır.

Muş şəhərinə tabe olan 6 əsas bölgə var ki, bunlardan ən əsası Malazgirt rayonudur. Əvvəlcə qeyd etdiyim kimi, Malazgirt türklərin Anadoluda möhkəmləndiyini əks etdirən tarixi yerdir. Burada ilk ziyarət etdiyimiz məkan Malazgirt qalasıdır. Qala tarixi filmlərdə olduğu kimi, insanda mistik abu-hava yaradır. Mənbələrə görə İslamın ilk dövrlərində və Bizans zamanında bir çox müharibələrin əks təsirinə məruz qalan qala zədələnib və müxtəlif dövrlərdə təmir edilib. Köhnə adı “Bərbər” qalası olan bu qala indiki adını Malazgirt döyüşündən sonra alıb. Qala təbii fəlakətlər və müharibələr nəticəsində dağılmasına baxmayaraq, hələ də çox təsiredici görünüşə malikdir.

Yolumuz Malazgirt muzeyinədir. Bura indiyə qədər gəzdiyim ən maraqlı muzeylər sırasındadır. Ziyarət gözlənilməz olduğu üçün məni bir qədər təəccübləndirir. Muzey olduqca zəngin, maarifləndirici olmaqla yanaşı, həm də türkçülük ideologiyasına xidmət edir. Muzeydə 1071-ci ildən etibarən türklərin keçdiyi tarixi yol üç hissəyə bölünüb. Burada Malazgirt döyüşü miniatur heykəllərlə, eyni zamanda həmin dövrdə türklərin həyat və məişət tərzi ustalıqla nümayiş olunub. Muzeydə maldarlıq, əkinçilik və toxuculuqla məşğul olan kəndlilər heykəllər vasitəsilə təsvir edilib. İkinci dövr Cümhuriyyət dövrünə və qardaş ölkənin İstiqlal mübarizəsinə həsr edilib. Daha sonra 15 iyun çevriliş cəhdi fotolar, mumdan heykəllər və maketlərlə canlandırılıb.

Muzeyin çıxışına doğru isə bir guşə xüsusilə diqqətimizi çəkir. Həmin guşədə 2071-ci il Türkiyəsinin kosmik fəaliyyətləri və türk kosmonavtların Aya səyahəti, orada Türkiyə bayrağını qaldırması əks olunub. Bu isə hədəfdir və düşünürəm ki, qardaş ölkə bu məqsədinə daha qısa zamanda çatmaq potensialına malikdir.

Muş şəhərində ən əsas ziyarət yerimiz 1071-ci ildə Böyük Səlcuq İmperatorluğunun hökmdarı Alp Arslan ilə Bizans İmperatorluğunun hökmdarı Romen Diogen arasında baş verən döyüşün keçirildiyi məkan - Malazgirt düzüdür.

Girişdə bizi 52 metr uzunluğundakı iki sütunlu Zəfər abidəsi qarşılayır. Həmin 2 sütun Anadolunun qapısı, aradakı boşluq isə türklərin Anadoluya girişini simvolizə edir. Malazgirt düzündə qazıntı işləri bu gün də davam edir və bu ərazi açıq muzey kimi fəaliyyət göstərir. Anadolu torpaqlarını qazdıqca hər qarışından qədim mədəniyyət nümunələri meydana çıxır. Hansı ki o tapıntılar həm də tarixin istiqamətini dəyişdirir.

Dediyim kimi, Muş kiçik şəhər olmasına baxmayaraq, buradakı tarixi abidələrin sayı hesabı yoxdur. Axşama doğru Murad çayı üzərində yerləşən qədim tarixi Murad körpüsünə doğru irəliləyirik. 11-12-ci əsrləri əhatə edən Səlcuqilər dövrünə aid körpünün tikilmə tarixi dəqiq məlum deyil.

Muşda insanlar əsasən maldarlıqla məşğul olur, şəhəri gəzdikcə buranın maldarlıq üçün əlverişli torpaqlara malik olduğunu özümüz də müşahidə edirik. Bu hal Muşun mətbəxinə də təsirsiz ötüşmür. Ət olduqca dadlıdır və Muş mətbəxində ət yeməkləri üstünlük təşkil edir.

Muş şəhəri turizm bölgəsi kimi bir o qədər ad-san qazanmasa da, tarixi məkanları, mətbəxi və qonaqpərvərliyi ilə insanı özünə cəlb etməyi bacarır. Ona görə də həyatında ən azı bir dəfə bu şəhərdə olmağa, qədim türk tarixinin səhifələrini vərəqləməyə dəyər.

44 - Tezliklə