Abdullah Temizkan: Rusiya tarixən Qafqaza hərbi istehkam kimi baxıb
- 06 iyul, 2026
- 10:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya tarixən Qafqaz coğrafiyasına hərbi istehkam kimi baxıb, burada möhkəmlənməyə, yerli xalqları əzməyə, özünə tabe etdirməyə çalışıb.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun Türk tarixi kafedrasının müdiri, professor Abdullah Temizkan "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar"adlı konfransda bildirib.
Onun sözlərinə görə, bu məqsədlərə çatmaq üçün onları parçalamağa, üz-üzə qoymağa, təkləməyə yönəlik siyasət aparılıb.
"Qafqaz xalqlarının Rusiya ordusu qarşısındakı əsas üstünlüyü yerli coğrafiyanı çox yaxşı bilmələri idi. Lakin onların əsas çatışmazlığı vahid mərkəzləşdirilmiş siyasi təşkilatın olmaması idi. Rusiya administrasiyası sistemli şəkildə məhz bu zəiflikdən istifadə edirdi", - A.Temizkan vurğulayıb.
Professor qeyd edib ki, Qafqaz xalqları dünyanın ən böyük imperiyalarından birinə, demək olar, bir əsr müqavimət göstərib:
"Bu müqavimətin əsasını yerli coğrafiyaya uyğunlaşmış həyat tərzi, güclü ictimai həmrəylik və müstəqilliyə canatma təşkil edirdi. Buna görə də Qafqazı anlamaq üçün yalnız dövlətlərin geosiyasətini deyil, həm də yerli cəmiyyətləri, onların mədəniyyətini, ətraf mühitlə qarşılıqlı münasibətlərini nəzərə almaq və bütün bu amilləri birlikdə nəzərdən keçirmək lazımdır".