Zakir Nuriyev: "Rəqəmsal bankçılıq və maliyyə inteqrasiyasında yeni mərhələ hədəflənir"
- 09 iyun, 2026
- 11:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın rəqəmsal bankçılıq və maliyyə inteqrasiyasında yeni mərhələ hədəflənir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.
O qarşıdakı dövr üçün qarşıda duran mühüm çağırışlardan bir neçəsini vurğulayıb: "Bu çağırışlar, ilk növbədə, islahatların davamlılığının təmin edilməsi, rəqəmsal banklar haqqında qanunun qəbul olunması və regionda maliyyə-bank sistemi üzrə inteqrasiya əlaqələrinin daha da genişləndirilməsini əhatə edir. Bu istiqamətdə atılacaq addımlar bank-müştəri münasibətlərinin tam rəqəmsal müstəviyə keçidinə və ölkənin innovasiya habı kimi formalaşmasına mühüm töhfə verəcək. Həyata keçiriləcək islahatlar çərçivəsində innovasiyaların tətbiqinin təşviqi və əsas istiqamətlərin müəyyənləşdirilməsində mühüm rol oynayacaq bir innovasiya mərkəzinin yaradılması da vacibdir. Qeyd edək ki, bu mərkəzin Azərbaycan Mərkəzi Bankının nəzdində formalaşdırılması daha səmərəli ola bilər".
Z. Nuriyev qeyd edib ki, eyni zamanda, ekosistemdə innovativ həllərin tətbiqinin genişləndirilməsi məqsədilə Ani Ödənişlər Sisteminin çərçivəsində NFC texnologiyaları əsasında rəqəmsal ödəniş imkanlarının yaradılması da xüsusi əhəmiyyət daşıyır:"Bu, ödənişlərin daha rahat və effektiv şəkildə həyata keçirilməsinə şərait yaradacaq. Bugünkü sammitin əsas mesajı ondan ibarətdir ki, ölkələrarası maliyyə inteqrasiyası artıq gələcək hədəf deyil, bu gün atılmalı olan strateji addımdır. Rəqəmsal transformasiya, ortaq maliyyə infrastrukturları və innovativ həllər regionumuzu qlobal maliyyə sistemində daha güclü mövqeyə daşıya bilər. ABA inanır ki, bu platforma yeni əməkdaşlıqların, praktiki təşəbbüslərin və uzunmüddətli tərəfdaşlığın başlanğıcı ola bilər".